AZ

Ürəyimizdən tikan çıxaran gün...

Xalqımızın cəlladları məhkəmə qarşısında

1988-ci ildə keçmiş SSRİ imperiyasında at oynadan ermənilərin bir gün belə rəzil sifətə düşəcəyini heç kim ağlına gətirmirdi. Heç kim düşünmürdü ki, bir gün işğala son qoyulacaq, quldur yuvasına çevrilmiş Xankəndimiz murdarlardan təmizlənəcək. Lakin fələyin atkeçməz yolları varmış...

Otuz iki il müddətində Azərbaycanın yeddi şəhərini, yüzlərlə kəndini, qəsəbəsini dağıdıb xarabazara çevirəndə, Xocalıda, Cəmillidə, Ağdabanda, Başlıbeldə, Kərkicahanda, Meşəlidə soyqırım törədəndə cəzalandırılmayan erməni quldur dəstələri ölkəmizin varidatını Ermənistana daşıyanda hamımız köks ötürməkdən, düşmənə lənət yağdırmaqdan, yanıb-yaxılmaqdan başqa çarə tapmırdıq. Havadarlarına güvənən erməni hərbi cinayətkarlar isə şirniklənərək dəlicəsinə yeni iddialar irəli sürürdülər. Haqdan-ədalətdən danışan bəzi dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycana qərəzli münasibətlətləri və düşmənçilikləri bizdə onlara qarşı dərin nifrət yaradırdı. Onlar Ermənistanın işğalçı olduğunu bilə-bilə açıq və ya gizli şəkildə ona hərtərəfli yardımlar edirdilər. Bu isə işğalçını daha da quduzlaşdırırdı.

Ancaq dünya şöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra  SSRİ rəhbərliyi tərəfindəm qəsdən çökdürülmüş, Ermənistan qarşısında aciz vəziyyətə salınmış Azərbaycanı dirçəlişdən inkişaf yoluna çıxardı. Prezident İlham Əliyev isə ordunu gücləndirdi və onun ixtisaslı zabit kadrları, müasir silahlarla, yeni hərbi texnika ilə təchiz olunmasını həyata keçirdi. Bütün bunlar barədə kifayət qədər yazıldığından ifrata varmırıq.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfində yayılan bir xəbər sanki ürəyimizdən tikan çıxardı. Çünki biz bu məlumatı uzun illər gözləmişik. Düşünürdük ki, ədalət nə vaxtsa zəfər çalacaq. Ancaq nə vaxt?

“Ermənistan Respublikası və onun Silahlı Qüvvələri, Ermənistan Respublikasının bilavasitə hərtərəfli dəstəyi ilə Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.”

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.

Bildirilir ki, 2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər hərbi cinayətkar - Qukasyan Arkadi Arşaviroviç, Harutyunyan Arayik Vladimiroviç, Sahakyan Bako Sahakoviç, İşxanyan Davit Rubenoviç, Babayan Davit Klimoviç, Mnatsakanyan Lyova Henrixoviç, Manukyan Davit Azatoviç, Martirosyan Qarik Qriqoryeviç, Paşayan Melikset Vladimiroviç, Allahverdiyan Davit Nelsonoviç, Stepanyan Qurqen Homerosoviç, Balayan Levon Romikoviç, Babayan Madat  Arakeloviç, Beqlaryan Vasili İvanoviç və Qazaryan Erik Robertoviç cinayətkar birlikdə iştirak etdikləri dövrlərə uyğun olaraq törətdikləri ağır cinayətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham ediliblər.

Bunlar həmin qatillərdir ki, donuzlarını Kürdə sulayacaqlarını, Bakıya qədər gəlib bütün azərbaycanlıları Kür çayına və Xəzər dənizinə tökəcəklərini deyirdilər. Donuzlarını Kürdə sulaya bilməsələr də Bakıya gəldilər, daha doğrusu, əlləri qandallı gətirildilər.

Onların hər birinin müdafiə, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxslər vəkillə təmin ediliblər. Həbsxanada onlara lazım gələndə tibbi xidmət göstərilib, ailələri ilə əlaqə saxlamaq üçün çərait yaradılıb. Ancaq barbar ermənilər  əsir götürdükləri azərbaycanlılara sözün əsl mənasında qanlı divan tutublar, insan ağlına gəlməyən dəhşətli  işgəncələrə məruz qoyublar. Bu günədək Ermənistanın saxladığı 4 minə qədər azərbaycanlının taleyi barədə isə heç bir xəbər verilmir.

Ancaq Azərbaycan tərəfindən saxlananlar barədə hüququn tələblərinə əməl olunub. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə onların barələrində həbs qətimkan tədbiri seçilib.

Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.

Eyni zamanda, çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hərbi cinayətlərin təşkilatçıları olan bu adamlar nəhayət, layiq olduqları cəzalarını alacaqlar. Bununla da şəhidlərimizin qisası müəyyən qədər alınmış olacaq. Nəhayət, otuz iki il çəkdiyimiz ağrı-acılar bir qədər yumşalacaq. Çünki bunlar cinayətkarların yalnız bir hissəsidir. Robert Koçaryan, Serjik Sarkisyan, Zori Balayan, David Tonoyan, Artak Davtyan və onlarla başqa hərbi cinayətkarlar, terrorçular da haqq-ədalət divanına çəkilməlidir. O günü də görəcəyik. İnşallah!

Vəli ilyasov, “İki sahil”

Seçilən
28
ikisahil.az

1Mənbələr