AZ

İsrail Yəməndən raket hücumuna məruz qalıb: Təl-Əviv cavab atəşi açıb

İsrailin mərkəzi bölgələrində Yəməndən buraxılmış raketlərin hücumuna məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib.

“Yəməndəki buraxılışdan sonra ölkənin mərkəzindəki bir neçə bölgədə həyəcan təbili çalınıb”, – məlumatda qeyd olunub.

Ordunun mətbuat xidməti qeyd edib ki, raket sərhədi keçməzdən öncə zərərsizləşdirilib. İsrailin “N12” nəşrinə görə, Ramat-Qan şəhərində raketlərin zərərsizləşdirilməsi zamanı qəlpələrin düşməsi nəticəsində bir neçə avtomobil və məktəb binasına ziyan dəyib, xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Hücumdan dərhal sonra husilərin təbliğat telekanalı olan “Al-Masirah” İsrail HHQ-nin Sənanın ətrafına və Yəmənin Hodeyda əyalətinə bir neçə cavab hava zərbələri endirdiyini açıqlayıb. Zərbələrin hədəflərinin Yəmən paytaxtının cənub və şimalındakı mərkəzi elektrik stansiyaları və Hodeydadakı neft obyektləri olduğu qeyd edilib. Bu obyektlərdə böyük yanğınların baş verdiyi vurğulanıb.

Eyni zamanda, “Axios”un müxbiri Barak Ravid amerikalı rəsmiyə istinadən bildirib ki, yəhudi dövləti İsrail ordusunun Yəmənə zərbələri barədə ABŞ-ni əvvəlcədən xəbərdar edib.

İsrail ordusu Yəməndəki husi hərbi obyektlərinə hava zərbələri endirdiyini təsdiqləyib. Zərbələrin ölkənin qərbindəki sahil zolağına və Yəmənin dərinliklərindəki obyektlərə yönəldiyi bildirilir.

“Zərbələr husi rejimini zəiflədir və onun infrastrukturdan hərbi və terror məqsədləri üçün, o cümlədən İran silahlarının regiona qaçaqmalçılığı üçün istifadə etməsinə imkan vermir”, – İsrail ordusunun mətbuat xidməti diqqətə çatdırıb.

Mənbə: report.az

Seçilən
3
1
report.az

2Mənbələr