AZ

Erməni separatçılarının işi - məhkəməyə səfirliklər dəvət olunsun?

Deputat Səbinə Salmanova: “Bu qatillərin cinayət məsuliyyətinə cəlb edilməsi və məhkəmə prosesi ilə bağlı məsələ Azərbaycanın daxili işidir”

Ermənistan Respublikası və onun silahlı qüvvələri, Ermənistan Respublikasının bilavasitə hərtərəfli dəstəyi ilə Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti hakim qarşısına çıxarılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Separatçıların məhkəməsi böyük ehtimalla 2025-ci ilin əvvəlində start götürəcək və bu ilin məhkəməsi hesab olunacaq. Soyqırım, işğal cinayətləri törədənlərin ədalət mühakiməsi təbii ki, dünyanın da diqqətində olacaq. Eyni zamanda bədxahlarımız bundan ölkəmizə qarşı istifadə etməyə cəhdlər göstərəcəklər. 

Uydurmaların, çığır-bağırların qarşısını almaq üçün mümkün variantlar nədir? Səfirlikləri, beynəlxalq təşkilatları bu canilərin məhkəməsinə dəvət etmək faydalı ola bilər. O baxımdan ki, insanlıq əleyhinə cinayət törədənlərin hansı vəhşi əməlləri həyata keçirdiklərini qulaqları ilə eşitsinlər, şahidlərin və canilərin öz dilindən. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova “Yeni Müsavat”a bildirdi ki, əllərini xalqımızın qanına batırmış qatillər tezliklə Azərbaycan qanunları ilə mühakimə ediləcəklər və layiqli cəzalarını alacaqlar: "Bu canilər Cinayət Məcəlləsində onlara qarşı irəli sürülən maddələrdə qeyd olunan bütün ağır cinayətləri törətmiş şəxslərdir. Onları bəziləri hətta həbs olunmadıqları, Xankəndidən Azərbaycana qarşı meydan oxuduqları zamanlarda çıxışlarında Azərbaycana qarşı həyata keçirdikləri cinayət əməllərini, müharibə cinayətlərini açıq bəyan ediblər. Heç kim, heç bir beynəlxalq təşkilat və heç bir diplomat bu faktları təkzib edə bilməz. Bir zamanlar keçmiş qondarma qurumun təlxək "prezidentləri", “deputatları”, “nazirləri” Qarabağda at oynadırdılar, azərbaycanlılara qarşı həyata keçirdikləri amansızlıqları qəhrəmanlıq hərəkəti kimi bəyan edirdilər. Onlar elə düşünürdülər ki, xalqımıza qarşı törətdikləri cinayət əməlləri cəzasız qalacaq. Beynəlxalq ictimaiyyətin bu cinayətlərə göz yumması, susqunluğu isə erməni qatilləri daha da ruhlandırırdı. Ona görə də bu qatillər bir zamanlar Qarabağda, digər işğal etdikləri ərazilərimizdə azərbaycanlılara divan tutmaları, o cümlədən Gəncədə, Tərtərdə, Bərdədə dinc əhaliyə qarşı terror törədərək mülki insanlarımızı qətlə yetirmələri ilə öyünürdülər. Vətən müharibəsində Araik Arutyunyanın Gəncəni vurmaq əmrini özünün verdiyini necə əda ilə videokamera önündə etiraf etməsini hər birimiz yaxşı xatırlayırıq. Araik Arutyunyan kimilər bununla öz cinayətlərini hələ tutulmadan öncədən etiraf etmiş olublar.  

Səbinə

Azərbaycan hər zaman etnik təmizləmə ilə barışmayacağını, xalqımıza qarşı qətliamlar, soyqırımlar törədən qatilləri, terrorçuları cəzasız qoymayacağını bəyan edirdi. Artıq ilahi ədalət öz yerini tapıb. Torpaqlarımız erməni işğalından azad edilib, ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub, Qarabağdakı quldur yuvası dağıdılıb və qondarma qurumun separatçı rəhbərləri əliqandallı şəkildə Bakıya gətirilib, ibtidai istintaqları aparılıb və indi onlar istintaq təcridxanasında dövlət başçımızın təbirincə desək, çay içə-içə məhkəməyə çıxarılacaqlarını və öz layiqli cəzalarını gözləyirlər".

S.Salmanova qeyd etdi ki, bəzi qərəzli Qərb təsisatları separatçıların həbsi ilə bağlı məsələdə riyakarlıq nümayiş etdirirlər: “Hətta bəziləri əllərini Azərbaycan xalqının qanına batırmış bu caniləri "siyasi məhbus" kimi də təqdim edirlər, insanlıq əleyhinə cinayətlər törətmiş qatillərin azad olunması kimi absurd fikirlər səsləndirməkdən belə çəkinmirlər. Ancaq onların bu çirkin davranışları heç nəyi dəyişdirə bilməz. Azərbaycan dövləti həmin terrorçuları beynəlxalq hüquq və qanunlar çərçivəsində mühakimə edir. Qondarma rejimin rəhbərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi və məhkəmə prosesi ilə bağlı məsələ Azərbaycanın daxili işidir və sülh gündəliyinin də predmeti deyil.

O cümlədən məhkəmə prosesinin açıq və ya qapalı keçirilməsi, kimlərin prosesi izləyib-izləməməsinə şərait yaradılması məsələsi isə məhkəmənin səlahiyyətindədir". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
5
musavat.com

1Mənbələr