AZ

"Donbas və Krımı qaytarmağa gücümüz yoxdur, Qərb Putindən qorxur..." - Zelenskidən MÜHÜM AÇIQLAMA

Ukrayna lideri Volodimir Zelenski Rusiyanın işğal etdiyi Donbas və Krım bölgələrini geri almağa hərbi güclərinin olmadığını etiraf edib. 

 

Sfera.az bildirir ki, o, bu barədə Polşanın Baş naziri Donald Tusk ilə Lvovda keçirdiyi birgə mətbuat konfransında danışıb.

 

Zelenski ABŞ-nin yeni Prezidenti Donald Trampın yanvarın 20-də rəsmi olaraq vəzifəyə başlamasından sonra Rusiya ilə müharibəni dayandırmaq üçün mümkün danışıqlar prosesinin gündəmdə olacağını açıqlayıb.

 

O, Ukraynanın iki əyalətinin, Luqansk və Donetskin daxil olduğu Donbas bölgəsinin və Krım yarımadasının itirildiyini etiraf edib: “Ukrayna konstitusiyasına görə, biz torpaqlarımızı ruslara verə bilmərik. Lakin praktikada bu torpaqlar hazırda rus işğalçı qüvvələrinin nəzarəti altındadır. Reallığı desək, Donbası və Krımı geri almağa bizim hərbi gücümüz yoxdur. Yalnız bir seçim qalıb. Qərb müttəfiqləri Putinə təzyiq göstərməkdə və uzunmüddətli perspektivdə diplomatik yollarla ərazi bütövlüyümüzü təmin etməkdə davam etməlidir. Başqa variant yoxdur”.

 

Ukrayna lideri üçüncü ilinə yaxınlaşan müharibənin əvvəlində mühüm səhvlərə yol verildiyini də bəyan edib: “Biz gördük ki, Qərb müttəfiqləri bir tərəfdən bizi dəstəkləsələr də, digər tərəfdən Putinin Rusiyasından qorxurlar. Rusiyanın ilk hücum vaxtlarında Qərb dövlətləri bu gün əllərində olan silahları bizə versə idilər, bu müharibə çoxdan bitərdi. Mən mühazirə oxumaq və ya təkəbbür göstərmək istəmirəm, lakin ABŞ və Avropa bizimlə birlikdə olmalıdır”.

 

Zelenski çıxışı zamanı ABŞ-nin yeni Prezidenti Donald Trampın roluna da toxunub: “Biz bütün müttəfiqlərimizlə, o cümlədən ABŞ ilə əlaqə saxlayırıq. Trampa dedik ki, Ukrayna ruslarla müvəqqəti atəşkəs deyil, Ukraynanın təhlükəsizliyinə zəmanət verən daimi, hərtərəfli saziş istəyir. Tramp vəzifəyə gəldikdən sonra Rusiya tərəfi də daxil olmaqla sülh danışıqlarının sürətlənəcəyini gözləyirəm”.

 

Günay Rəsulqızı

Seçilən
5
sfera.az

1Mənbələr