AZ

Qida təhlükəsizliyi qeydiyyatına və təsdiqinə dair müraciətlərin qəbulu tam elektronlaşdırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Agentlikdən "İki sahil"ə verilən məlumata görə, iclasda İctimai Şuranın sədri Nazim Səfərov qarşıda duran cari məsələləri iştirakçıların diqqətinə çatdırıb. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı və təsdiqi barədə qaydalar, bu sahədə həyata keçirilən tədbirlər, həmçinin cavabdeh qida subyektinin əməl etməli olduğu vacib məsələlər nəzərdən keçirilib. Şura üzvləri müzakirələr zamanı sahibkarlıq subyektlərinə çağırış edərək bu sahədə fəaliyyətin qanunun tələblərinə uyğun qurulmasının vacibliyini vurğulayıblar.

Tədbirdə AQTA rəsmisi Elxan Mikayılov diqqətə çatdırıb ki, qida təhlükəsizliyi qeydiyyatına və təsdiqinə dair müraciətlərin qəbulu prosesi tam elektronlaşdırılıb. Bildirilib ki, qanunvericiliyə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı, emalı və dövriyyəsi aparılan müəssisələrin qiymətləndirilməsi üçün sahibkarlar Agentliyə müraciət etməlidirlər.

Görüş zamanı sahibkarlar arasında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin vacibliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq təsis edilib.

Seçilən
0
1
ikisahil.az

2Mənbələr