AZ

Can Pyero Qasperini Ademola Lukman haqda söhbət açdı

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini komandasının nigeriyalı hücumçusu Ademola Lukman haqda söhbət açıb.

Arena.az “Football Italia” nəşrinə istinadən məlumat verir ki, Qasperini Lukmanın Afrikada ilin futbolçusu seçilməsinə öz münasibətini açıqlayıb:

“Uzun illərdir ki, “Atalanta”nın məqsədi öz oyunçularını təkmilləşdirmək və daha yüksək zirvələrə çatmaq olub. Bu, mənim xidmətlərim deyil, “Atalanta”da oyunçuların tərəqqisinə kömək edən hər kəsin və əlbəttə ki, oyunçuların özlərinin xidmətləridir. Onlara gərək olan hər bir xüsus var, biz onlara bu işdə sadəcə kömək edirik”, deyə Can Pyero Qasperini bildirib.

Ademola Lukman “Çarlton”un yetirməsidir. Hücumçu karyerası ərzində “Everton”, “Leypsiq”, “Fulhem” və “Lester Siti”də oynayıb.

“Atalanta” Lukmanı 2022-ci ilin avqustunda 9,35 milyon avro məbləğ müqabilində “Leypsiq”dən öz heyətinə qatıb. Nigeriyalı hücumçunun Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Lukman “Atalanta”nın heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Lukmanın “Atalanta”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 97 oyun, 43 qol, 23 məhsuldar ötürmə.

Ademola Lukman 2022-ci ilin martında debüt etdiyi Nigeriya yığmasının heyətində 27 oyuna 8 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Nigeriya yığmasında debütə qədər Lukman İngiltərənin U-19, U-20 və U-21 yığmalarında çıxış edib.

Nigeriyalı hücumçunun qənimətlər muzeyində ilk klub qəniməti məhz 2023/2024-cü illər mövsümü Avropa Liqasının kubokudur. Həmçinin Lukman İngiltərənin U-20 yığması ilə Dünya Kubokunun (2017) qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı nigeriyalı hücumçunun transfer qiymətini 40 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
1
arena.az

2Mənbələr