“Dövlət İmtahan Mərkəzinin saytında müvafiq keçid var və biz müraciət edənlərə psixometrik testlərlə hansı sahədə özünü inkişaf etdirəcəyini müəyyənləşdirib məsləhətlər veririk”.
KONKRET.az apa-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Karyera İnkişaf Forumunda DİM sədri Məleykə Abbaszadə deyib.
“Hələ ki bu testləri 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçiririk. Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. Təklif edəcəyik ki, direktorlar müraciət etsin, bütün şagirdlərin bu testlərdən keçirilməsini təmin edək”, – o vurğulayıb.
Məleykə Abbaszadə qeyd edib ki, bu, tam elmi əsasları olan alətdir, bu testlər yerli mütəxəssislər tərəfindən hazırlanıb: “Geniş auditoriyada tətbiqi və internet üzərindən keçirilməsi üçün də işlər aparırıq”.
Məleykə Abbaszadə deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq.