Bakı, 19 dekabr, AZƏRTAC
2024-cü ilin yanvar-noyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Сari ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8549 cinayət faktı aşkarlanıb. Onlardan 2837-si narkotik vasitələrin qanunsuz satışı, 5478-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 228-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 403 kiloqram 647,445 qram narkotik vasitələrin və psixotrop maddələrin 524 kiloqram 59,659 qramını heroin, 5 ton 313 kiloqram 809,136 qramını marixuana, 164 kiloqram 849,07 qramını tiryək, 38 kiloqram 852,443 qramını həşiş, 205 kiloqram 385,123 qramını psixotrop maddələr, 156 kiloqram 692,014 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 38 min 807 ədəd metadon, 15 min 392 ədəd çətənə kolu, 429 qram və 240 ədəd həb (güclü təsir edən maddə),10 qram prekursor qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1439,6 hektar sahədən 2.864.953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 403 kiloqram 647,445 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 154 milyon 579 min AZN qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6693 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək 2 nəfər,18-25 yaşadək 498 nəfər, 26-29 yaşadək 1012 nəfər, 30 yaş və ondan yuxarı isə 5181 nəfər təşkil edir. Həmin şəxslərdən 6497-si kişi, 196-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 59 xarici ölkə vətəndaşından 25-i İran, 10-u Rusiya, 13-ü Türkiyə, 7-si Gürcüstan, 1-i Özbəkistan, 2-si Ukrayna, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 212 kiloqram 424,217 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 235 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 406 kiloqram 149,481 qram narkotik vasitə və psixotrop maddə, 38807 ədəd metadon həbi, 1710 ədəd və 44 qram güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 313-ü qrup halında törədilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 471 kiloqram 706,851 qram narkotik vasitə və psixotrop maddə, 13220 ədəd metadon həbi və 213,4 qram güclü təsir edən maddə müsadirə olunub.
2888 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 895 kiloqram 31,5 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 1209, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 321, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 798, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 66, digər növ cinayət faktlarının sayı 24, həmçinin qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 31 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 315 kiloqram 383,968 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 1073 nəfər azalıb. Bununla yanaşı, qrup halında olan cinayətlərin sayı 7 fakt artıb.
2023-cü ilin 11 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövründə qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin, o cümlədən heroinin çəkisi 1 ton 362 kiloqram 590,155 qram (72,2%), tiryəkin çəkisi 100 kiloqram 304,898 qram (37,8%), həşişin çəkisi 14 kiloqram 607,199 qram (27,3%), kokainin çəkisi 750,831 qram (100%), psixotrop maddələrin çəkisi 202 kiloqram 566,206 qram (49,7%) azalıb.
Təhlil göstərir ki, qeyd olunan xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizdən çoxu qaçaqmalçılıq və digər qanunsuz yollarla ölkəyə gətirilib.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 313 kiloqram 809,136 qramını (82,9 %) marixuana təşkil edib. Onun da 4 ton 638 kiloqram 315,436 qramı (87,2%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 675 kiloqram 493,7 qram (12,7%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə bu il aprelin 16-17-də Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60189 ədəd həb metadon, 58773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3477 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddə, eyni zamanda, iyulun 22-də Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kiloqram 293,151 qram müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv olunub.
Həmçinin 43 rayon və şəhərdə qanunvericiliyə uyğun olaraq 1990 hökm və qərar üzrə az və xeyli miqdarda müsadirə edilmiş müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən çətənə bitkisi rayon və şəhər komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilib.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 82278 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2840 nəfərdən 1792 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 328, QİÇS-lə Mübarizə Mərkəzində 378, Sumqayıt Narkoloji Mərkəzində 143 nəfər) 849 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin noyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 70 nəfəri (6,6%-i) inyekson narkotik istifadəçiləri olub.
Cari ilin yanvar-noyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1601 vətəndaş müraciəti daxil olub ki, onların 146-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 110-u narkotik asılılıqdan müalicə, 1345-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 256 məktub ünvanlanıb.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Hesabat dövründə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 155 tədbir (75 maarifləndirici və təşkilati tədbir, 66 təlim, 6 sosial layihə, 2 intelektual müsabiqə, 1 marafon və televiziya kanalında 5 verilişdə iştirak) təşkil edilib.