AZ

Trampın prezident kimi təsdiqlənməsi - Fayton dövründən qalmış ənənə

Bu ilin noyabr ayında Donald Trampa məğlub olduqdan sonra vitse-prezident Kamala Harris ilk dəfə partiyadaşları qarşısında çıxış edib.

Amerika mediasında yer alan materiallara görə, K.Harrisin sözlərindən belə çıxıb ki, o, ABŞ siyasətində öz rolunu oynamaq ümidini itirməyib və özünü lider kimi olmasa da, Trampın kursuna qarşı müxalifətin mühüm iştirakçısı kimi görür.

Bu, nə dərəcədə ona və Demokratlar partiyasına müyəssər olacaq, indidən demək çətindir. Bəlli olan odur ki, ABŞ-nin iki qüdrətli partiyası arasında siyasi mübarizə dörd il boyunca davam edəcək. Demokratlar əllərinə düşən ilk fürsətdə Trampın impiçment edilməsi məsələsini qaldıracaqlar, respublikaçılar isə onu müdafiə edəcəklər. Ancaq ola bilər ki, respublkaçıların bir qismi hansısa mərhələdə hansısa motivlə (ya korporativ maraqlarına, ya da ümummili təhlükəsizlik mülahizəsinə görə) Trampı dəstəkləməkdən imtina edəcəklər, bax, onda kürən kişinin başına dərd açılacaq.

İndilikdə Trampın bəzi addımları, açıqlamaları ondan xəbər verir ki, seçki qələbəsinin eyforiyası ayazıdıqca, özü də ikinci prezidentlik dönəminin asan olmayacağını anlayır. Dünyanın gözü ondadır. Planetin hansı guşəsində nə iş baş verirsə, amerikalıların xeylisi, eləcə də regional güclər ABŞ-nin mütləq o məsələyə münasibət bildirməsini, müdaxilə etməsini istəyirlər.

Elə bu günlərdə Suriyada baş verən qiyam-üsyan-inqilab-çevriliş hadisəsindən sonra Tramp açıqlama yayaraq, bu ölkənin daxilində gedən proseslərin baş aktoru olaraq Türkiyənin adını çəkdi, ABŞ-ni məsuliyyətdən kənarda tutdu.

Dünəndən etibarən artıq Donald Tramp başqa statusdadır, indi o, “yeni seçilmiş prezident” yox, artıq təsdiq olunmuş və 1 aydan sonra səlahiyyətlərinin icrasına başlayacaq prezidentdir. Dünən Seçicilər Kollegiyasının səsverməsi baş tutub və seçicilərin 312-si Donald Trampa səs verib.

Adətən bu seçkinin nəticəsi ümumxalq səsverməsinin nəticələri ilə üst-üstə düşür, amma düşməyə də bilər – bu, müstəsna haldır.

Prezident seçilmək üçün 538 seçici səsindən 270-nin toplanması lazım idi. Tramp, gözlənildiyi kimi, bu mərhələdən də qələbə ilə çıxdı.

Əslində az qala bütün dünya Amerikanın bu arxaik, 2+ əsr öncələrdə qalmış siyasi sisteminə ironiya ilə yanaşır. Kosmos, internet əsridir, istənilən informasiyanı iki saniyənin içində dünyanın istənilən nöqtəsinə çatdırmaq mümkündür, insanlar Marsı fəth edir, ABŞ-də isə seçici səslərinin hesablanması, toplanması hələ də əsas nəqliyyatın at və fayton olduğu 18-ci əsrdəki kimi aparılır. Mühafizəkar amerikalı düşüncəsi bu sahədə yeniliyi, yeni dövrə, zamana uyğunlaşmağı qəbul etmir. Əsas qanunda belə yazılıb, belə də davam etməlidir – düşüncə budur.

Məsələ ondadır ki, 18-ci əsrdə də amerikalılar prezidentlərini birbaşa seçməyiblər. Hər bir ştat xüsusi insanlara - seçicilərə səs verib. Bunlar bu və ya digər namizədin təmsilçiləri olub. Həmin seçicilər seçkidən ay yarım sonra Vaşinqtonda (18-ci əsrdə hesablanmışdı ki, o vaxtkı ABŞ-ın ən ucqar guşələrindən Vaşinqtona getmək üçün məhz bu qədər vaxt lazımdır) xüsusi şurada toplanırlar və prezidenti seçirlər. Müasir dövrdə həmin seçicilər elə seçkinin ertəsi günü Vaşinqtonda yığışa və yeni prezidenti təsdiqələyə bilərlər, amma hər şey 18-ci əsrdə qəbul edilmiş sənədə uyğun olmalıdır – ay yarımdan sonra.

Bəs pezident seçicisi statusu qazanmış şəxs bu ay yarımda fikrini dəyişə, təmsilçisi olduğu namizədə yox, onun rəqibinə səs verə bilərmi? Prinsipcə, belə bir şey ola bilər, ancaq buna görə cəza nəzərdə tutulb və bu cəzalar ştatdan ştata dəyişir. Elə ştatlar da var ki, onlarda bu fikir dəyişməyə görə ümumiyyətlə cəza yoxdur. Düzdür, ölkə tarixində seçicilərin öz seçicilərinin iradəsinin əleyhinə səs verməsi halları az olub və bu, heç vaxt seçkinin nəticəsinə təsir göstərməyib. Ştatların əksəriyyəti tərəfindən dəstəklənən şəxs həmişə qalib gəlir. Trampa görə 3-5 seçici kollegiyada fərqli səs versə də, bu, onun qələbəsinə təsir etməyəcəkdi – çünki 42 ehtiyat səsi (seçicisi) vardı.

ABŞ-nin arxaik seçki sisteminin dəyişdirilməsi dəfələrlə nəzərdə tutulub, lakin bu problem həll etmək mümkün olmayıb. Amerika demokratiyası superseçicilərin dürüstlüyünə əsaslanır. 4 il əvvəl Tramp məhz superseçicilərin kollegiyasında səsvermənin nəticəsinin dəyişəcəyinə ümid edib, seçicilərin əksəriyyətinin Cozef Baydenə səs verməyəcəyinə inanıb, ancaq bu, baş verməyib. Təmsilçilər kimə görə xalq tərəfindən seçici seçiliblərsə, o adama da səs veriblər.

Harrisin tərəfdarları isə dünənki Seçicilər Kollegiyasından fərqli nəticə çıxacağına ümid bəsləməyiblər. Harris ümumxalq seçkilərində 226 seçici qazanmışdısa, kolegiyada da o qədər səs alıb.

Seçkilərin yekun nəticələri belə görünür: Tramp Harrisdən 1% və ya 3 milyon daha çox səs toplayıb, lakin superseçicilərin sayında fərq daha böyükdür.

Kamala Harris Merilend ştatının Larqo şəhərindəki kollecdə gənc demokratların qarşısında çıxış edərkən deyib: “Heç kimin mübarizədən əl çəkməyə haqqı yoxdur”.

Beləliklə, o, açıq şəkildə bildirib ki, Trampa, ilk növbədə onun konturları artıq müəyyən edilmiş daxili siyasi kursuna qarşı çıxmağa hazırdır.

Sorğular göstərir ki, demokrat seçicilər seçki kampaniyasının aparılması tərzindən çox narazıdırlar. Çünki Tramp böyük antireytinqinə baxmayaraq qalib gəlib. Sadə demokratların fikrincə, bunun əsl baiskarları Bayden və Harris olub və məğlubiyyətdə onlar təqsirlidirlər.

Bu arada mətbuat Harrisin 2026-cı ildə Kaliforniya qubernatoru postu uğrunda mübarizə apara biləcəyini irəli sürüb.

Araz Altaylı, Musavat.com

Seçilən
12
1
musavat.com

2Mənbələr