“Media savadlılığı bir prinsip kimi həm medianın özü, həm jurnalistlər, həm də cəmiyyətin inkişafının daha düzgün istiqamətə yönləndirilməsi üçün vacib və əhəmiyyətlidir. Media savadlılığı informasiyanın hazırlanmasından tutmuş onun yayımına, auditoriyaya lazımi səviyyədə çatdırılmasına qədərki bir neçə mərhələdən ibarət uzun bir prosesi əhatə edir. Prosesin həlqələrindən biri də feyk informasiya ilə həqiqi informasiyanın fərqləndirilməsidir. Bu, birinci növbədə cəmiyyət üçün qoyulan normativdir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, cəmiyyət özü media savadlılığı prinsiplərini daşımalıdır ki, həqiqi və yalan informasiyanı bir-birindən nəinki fərqləndirə bilsin, əvvəlcə bunun nə qədər labüd olduğunun fərqinə varsın:
“Əgər insan informasiyanı oxuyub qəbul edirsə, informasiyanın təsiri altına düşməzdən əvvəl onun doğruluğunu araşdırmalıdır. İnformasiya bir neçə mənbədən yoxlanılmalı, bir-birilə tutuşdurulmalıdır. Dəfələrlə praktikada şahidi olmuşuq ki, erməni kütləvi informasiya vasitələri Azərbaycanla bağlı müəyyən məlumatları öz mənbələrində yayır. Azərbaycanda da bəzi sosial media nümayəndələri bir-birilə olan qeyri-sağlam rəqabətdə önə çıxmaq xətrinə dərhal həmin məlumatı yayırlar. Bu cür hallarda media orqanları ilk növbədə materialların olduğu kimi tez tirajlanmasına yox, təhlil olunmasına, ölkəmizin milli maraqlarına, mənafeyinə uyğun olub-olmamasını araşdırdıqdan sonra tirajlamalıdır. Media savadlılığı həm jurnalistlər, həm cəmiyyət, həm də ölkəmizin informasiya təhlükəsizliyini təmin etmək baxımından mühüm prioritetlərdən biridir. Media savadlılığı hər bir cəmiyyətin xüsusilə xarici ideoloji mərkəzlərdən gələn təxribatları neytrallaşdırmağın ən effektiv yoludur. Buna görə də media savadlılığı çərçivəsində addımlar atmaq mühümdür”.
//Gülnarə Abasova, Editor.az