AZ

Ukraynaya qoşun göndərmək məsələsi GÜNDƏMDƏ – Britaniya hərəkətə KEÇİR

“Ümumiyyətlə, bu məsələ yalnız Britaniyanın Ukraynaya hərbi qoşun göndərmək niyyəti ilə məhdudlaşmır. Məlumdur ki, Fransanın prezidenti Emmanuel Makron son həftələrdə Avropa ölkələrinin liderləri ilə görüşlər keçirərək Ukraynaya birgə hərbi kontingent göndərilməsi məsələsini müzakirə edib. Ən son Polşa səfərində də Rusiya-Ukrayna təmas xəttinə 40 minlik bir ordu yerləşdirilməsi məsələsi gündəmə gətirildi. Bu, onu göstərir ki, Qərb Ukraynaya hərbi kontingent göndərilməsini ciddi şəkildə nəzərdən keçirir və iki potensial ssenari mümkündür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Siyasi təhlilçi son günlər Qərb ölkələrinin Ukraynaya hərbi kontingent göndərməsi ilə bağlı yaranmış silsilə təklifləri şərh edib.

Xatırladaq ki, sonuncu belə çağırış Birləşmiş Krallığı müdafiə naziri Con Hili tərəfindən səsləndirilib. Belə ki, Kiyevə səfəri zamanı britaniyalı nazir Ukrayna hərbçilərinə təlim keçmək üçün krallıq qoşunlarının Ukraynaya göndərilə biləcəyini istisna etməyib.

S. Zahidov isə bəyan edib ki, birinci ssenariyə görə, Donald Trampın ABŞ-də hakimiyyəti dövründə Ukrayna ilə Rusiya arasında müvəqqəti atəşkəs imzalanacaq:

“Bu atəşkəsdən sonra Rusiya ilə Ukrayna arasındakı müharibəni yenidən alovlandırmamaq məqsədilə Qərb ölkələrinin hərbi kontingenti Ukraynada yerləşdirilə bilər. İkinci ssenari isə əksinə, danışıqlarda heç bir irəliləyişin olmadığı və NATO-nun Ukraynaya birbaşa hərbi qüvvə göndərməsi ehtimalını əhatə edir. Bu, NATO ilə Rusiya arasında birbaşa toqquşma mənasına gələ bilər və potensial olaraq növbəti dünya müharibəsinin başlanğıcı ola bilər”.

Analitik hesab edir ki, böyük ehtimalla, birinci ssenari daha realdır və əsas məqsəd atəşkəsi təmin etməkdir:

“Lakin burada ən problematik məsələ Rusiyanın buna necə reaksiya göstərəcəyidir. Çünki Rusiya həmişə NATO-nun öz sərhədlərinə yaxınlaşmasını təhlükə kimi görüb. Putinin əvvəlki açıqlamalarına əsasən, Ukraynanın NATO-ya meyl etməsi Rusiyanın müdaxiləsinin əsas səbəblərindən biri olmuşdur. NATO qüvvələrinin Rusiya sərhədlərinə yaxınlaşması Kreml tərəfindən ciddi təhdid kimi qəbul ediləcək və buna qarşı sərt reaksiya veriləcəkdir”.

“Eyni zamanda, atəşkəsin əldə edilməsi hər iki tərəfdən kompromis tələb edir. Əgər Rusiya bu məsələdə kompromis etməzsə, digər sahələrdə, o cümlədən ərazi məsələlərində güzəştə getməli olacaq. Lakin Putinin indiki mərhələdə Rusiya qoşunlarının işğal etdiyi ərazilərdən çıxmasına göstəriş verəcəyinə inanmaq çətindir. Bu, mövcud vəziyyətin daha da mürəkkəbləşəcəyini və gərginliyin artacağını göstərir”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.

Rafi Müslümov

Seçilən
8
yenicag.az

1Mənbələr