"Kosmik tibb sahəsində hələ görüləcək çox iş var".
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) İdarә Heyәtinin sәdri Saməddin Əsədov “Kosmik Tibbin əsasları” mövzusunda təlimin açılışında bildirib.
“Ümumiyyətlə, kosmos məsələsi bu gün bir çox dünya ölkələrinin gündəmindədir və yaxın gələcəkdə orbitə qalxacaq, kosmosa çıxacaq astronavtların və kosmik turistlərin sayında böyük artım olacağını nəzərə alaraq kosmik tibb çox böyük əhəmiyyət kəsb edir. Tibb sahəsinin bir qolu olaraq kosmik tibb, nisbətən gənc bir sahədir. Bu sahənin tarixi ilk astronavt Yuri Qaqarinin orbitə çıxması ilə başlayır və təxminən 60 ili əhatə edir. O baxımdan bu sahədə tədqiqatla bağlı xeyli işlər var.Ölkəmizdə kosmosun idarəolunması ilə bağlı mühəndislər, peyklərin idarəolunmasını tərtib edən şəxslər, kosmik hüquq məsələləri ilə bağlı peşəkar şəxslər, sığortaçılar və maliyyəçilər var. Ümid edirik ki, bu təlim ölkəmizdə kosmik tibb sahəsi üzrə ilk peşəkarların meydana çıxması ilə nəticələnəcək və yaxın gələcəkdə ölkəmizdə kosmik ekosistemin bu sahədə əhəmiyyətli bir hissəsinə çevriləcəkdir”.
Firuzə Əliyeva