"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında zəhərlənmə şübhəsilə çağırış daxil olub".
Mynews.az xəbər verir ki, bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
"Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
***13:25
"Tovuz Rayon Mərkəzi Xəstəxanasına 55 nəfər hospitalizasiya olunub".
Bu məlumat Mynews.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19 dekabr, saat 11:00-da Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsi ilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz RMX-yə hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbələrinə yerləşdiriliblər. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir", - deyə açıqlamada vurğulanır.