AZ

Nazirlik Tovuz məktəbindənki hadisəni nəzarətə götürdü - YENİLƏNİB

Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə Elm və Təhsil Nazirliyi və tabe qurumlarının ciddi nəzarətindədir.
Bu barədə Manset.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər birinin səhhəti diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, hadisənin baş vermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.   ***  16:43 Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbindəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən 71 nəfərdən 6-sı müəllim və laborant, digərləri isə məktəblilərdir. Zərərçəkənlərdən 6-nəfərinin vəziyyəti kafi və orta-ağır qiymətləndirilib. Digərlərinin vəziyyəti isə kafi və normal olub. Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir. Faktla bağlı Tovuz rayon Porokurorluğu tərəfindən araşdırma aparılır. *** 13:55 "Tovuz Rayon Mərkəzi Xəstəxanasına 55 nəfər hospitalizasiya olunub".
Bu məlumat Manset.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib. "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19 dekabr, saat 11:00-da Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsi ilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz RMX-yə hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbələrinə yerləşdiriliblər. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir", - deyə açıqlamada vurğulanır. *** 12:20 Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobadakı tıxanma səbəbindən yaranan tüstülənmədə 20 nəfərə yaxın şagird özünü pis hiss edib. Manset.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində tüstülənmənin genişlənməsinin qarşısı alınıb: "Şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20 nəfərə yaxın şagird özünü pis hiss edib və təcili tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır". İdarədən bildirilib ki, hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

"Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə vurğulanıb.

Seçilən
12
4
manset.az

10Mənbələr