AZ

Tovuzda zəhərlənənlərin sayı 60-a çatdı: Vəziyyətləri necədir? - YENİLƏNİB/VİDEO

Tovuzda məktəbdəki tüstülənməyə görə 60 nəfər xəstəxanaya çatdırılıb.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.

Məlumata görə, 60 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb.

***13:39

Xəbər verdiyimiz kimi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Bizim.Media TƏBİB-ə istinadən xəbər verir ki, saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.

Xatırladaq ki, bundan öncə 25 nəfərin zəhərləndiyi haqda informasiya yayılmışdı.


***12:47

Xəbər verildiyi kimi Tovuzda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.

Bizim.Media-nın yerli bürosu məktəbdəki tüstülənmə ilə bağlı təfərrüatları öyrənib.


Tüstülənmə nəticəsində 25 nəfər özünü pis hiss edib. Onlardan 3-ü texniki heyətin işçiləri, 22-si isə ibtidai sinif şagirdləri olub. İlkin məlumata görə tüstüdən zəhərlənənlərin arasında vəziyyəti ağır olan yoxdur.


Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən də məsələyə açıqlama verilib.

Bildirilib ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. Şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.











Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
1
31
bizim.media

10Mənbələr