AZ

Ermənistanla yeni müharibə: Təhlükənin istiqaməti açıqlandı

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyevin “Rossiya-1” televiziyasına müsahibəsində bir çox vacib məqamlara toxunub. Azərbaycanın Ermənistanla sülh şərtləri bir daha bəyan edildi. Rəsmi Bakının sülh şərtlərinin açıqlanması fonunda gözləntilər nədən ibarətdir?

- Ölkə başçısının ötən günki müsahibəsi bizim və dünya ictimaiyyəti üçün vacib yol xəritəsidir. Söhbət Azərbaycanın Cənubi Qafqaz siyasətinə olan baxışından gedir. Prezident İlham Əliyev həmişə olduğu kimi, ötən gün də bu məsələlərə tam olaraq aydınlıq gətirdi. Azərbaycanın şərtləri bir daha bəyan edildi. Əslində, bu şərtlər Azərbaycanın dövlət başçısı və digər rəsmiləri tərəfindən dəfələrlə səsləndirilib. Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün iki əsas şərtin yerinə yetirilməsi tələb edilir. Bu ilk növbədə Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır. Bu iddialar Ermənistanın müstəqillik bəyannaməsində təsbit edilib. Digər bir məsələ qarşılıqlı olaraq iddialardan imtinadır. Eyni zamanda ATƏT-in Minsk Qrupunun ləğv edilməsi əsas şərtlər sırasındadır. Bununla yanaşı, ölkə başçısının da vurğuladığı kimi, Avropa İttifaqının Ermənistan ərazisindəki “missiyası"nın bölgədən çıxarılmasıdır.

- Şərtlərin təmin edilməsi fonunda qısa zamanda sülhün əldə oluması ehtimalı varmı? Kənar faktorlar bu prosesdə nə dərəcədə təsirli görünür?

- Dövlət başçısı da müsahibəsində qeyd etdi ki, prinsip etibarı ilə Ermənistan bu məsələnin əleyhində maraqlı deyil. Məhz bu şərtlərin icra edilməsi fonunda yekun sülh sazişi imzalana bilər. Qısa zamanda razılaşmanın əldə edilməsi ilə bağlı Azərbaycanın bu şərtlərdən əlavə başqa bir tələbi yoxdur. Burada ancaq beynəlxalq hüquqda təsbit edilmiş prinsiplərə əsaslanaraq, həmin məsələlər irəli sürülüb.

- Ermənistan sülh müstəvisində aparılan danışıqlar fonunda davamlı olaraq silahlanır. İrəvanın silahlanması bölgə üçün hansı risklər yaradır?

- Bölgə üçün risklər var. Azərbaycanla Ermənistan qonşu dövlətdir və min km-dən artıq quru sərhəddə malikdir. Fransa, Hindistan və Yunanıstan tərəfindən Ermənistan silahlandırılır. Bu silahlar hücum silahlarıdır. Azərbaycanın Ermənistanla sərhəddində mülki yaşayış obyektləri var. Azərbaycanın da əsas tələbi odur ki, Ermənistan silahlanmanı dayandırsın. Sözsüz ki, Ermənistan silah yarışında Azərbaycanla müqayisə oluna bilməz. Azərbaycanın hərbi gücü və potensialı qarşısında Ermənistanın silahlanması heç bir təsirə malik deyil. Həmin silahlar isə onlara ya pulsuz verilir, ya da kredit formasında göndərilir. Amma bütün bunlara rəğmən, Ermənistanın davamlı silahlanması region üçün risklər yaradır.

- İrəvana davamlı olaraq hərbi müstəvidə verilən dəstək nəyə hesablanıb? Cənubi Qafqazla bağlı nə kimi planlar var?

- Fransa və Hindistanın əsas məqsədi bölgədə gərginliyin yaranmasından ibarətdir. Sülh müqaviləsinin imzalanmasının vaxtını uzatmaq və bunun fonunda Ermənistanı silahlandırmaqla regionda təhlükəsizlik arxitekturasını pozmaq istəyirlər. Fakt odur ki, Fransa özünün neokolonializm siyasətini Cənubi Qafqaza köçürmək istəyir. Məqsəd regionda möhkəmlənmək və prosesləri idarə etməkdir. Amma bu mümkün olmayacaq. Makron Fransası Cənubi Qafqazda möhkəmlənə bilməyəcək. BMT Təhlükəsizlik Şurasının üzvü olan ABŞ və Fransa dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına qarant olacaq ölkələr hesab edilir. Təəsüf ki, hər iki ölkə bu gün Cənubi Qafqazda sülhü, əminamanlığı pozmağa çalışır.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
12
1
teleqraf.com

2Mənbələr