Plastik əməliyyat etdirən 2001-ci il təvəllüdlü bloger Nərmin Bəylər qızı İsgəndərova dünyasını dəyişib.
Modern.az xəbər verir ki, ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova məsələ ilə bağlı paylaşım edib. O, N.İsgəndərovanı əməliyyat edən plastik-cərrahın adını və klinikanı açıqlayıb:
"Bakıda daha gənc bir qız saxta plastik cərrahın qurbanı oldu. Bu dəfə 23 yaşlı Nərmin İsgəndərova həyatını itirdi. Hadisə “cəhənnəm yuvası” kimi tanınan "Mərcan" Klinikasında baş verib. Nərminin anasının dediyinə görə, qızına qarın gərmə və bədən şəkilləndirmə əməliyyatını Nurlan Həsənli edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Nərmin bu barədə həkiminə məlumat versə də, təəssüf ki, bir çox saxta plastik cərrahlar kimi, Nurlan Həsənli də xəstəsinə laqeyd yanaşıb. Ailəsinin sözlərinə görə, gənc qız irin axan yarasına öz imkanları ilə dərman tapmağa çalışıb. Lakin yolda halı pisləşib və oradaca dünyasını dəyişib. Nərminin anası Şahnaz Mehdiyeva hadisənin təfərrüatlarını açıqlayıb. Nurlan Həsənlinin Azərbaycan Tibb Universitetinin məzunu olmadığı, Rusiyada təhsil aldığını iddia etdiyi bildirilir. Lakin onun diplomunun Azərbaycan Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunub-olunmaması barədə heç bir məlumat yoxdur. Comment yazanlar, diqqətli olun. Əməliyyat etmək hər kəsin haqqı və seçimidir. Siz, əməliyyata haqqı olmayan həkimi sorğulayın".
Q.Ataşova Nərminin anasının səsyazısını yayıb.
"Həkimə 5 min manat pul ödənilib. Əməliyyatdan sonra halı pisləşdi, həkimlə əlaqə saxlayıb. O isə boyun olmayıb və başqa klinikaya yollayıb. Orada isə günü 180 manat istəyiblər. Pulu olmadığı üçün evdə müalicə edib. Dərman almağa gedəndə yolda rəhmətə gedib qalıb".
"Mərcan Medicare" klinikasının baş həkimi Araz Ağayev iddialara cavab verib. O, Oxu.Az-a açıqlamasında bu fikirləri səsləndirib:
"2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024 tarixində bizim klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Xəstə əməliyyatdan bir neçə gün sonra kafi vəziyyətdə cərrah nəzarətində olmaqla ambulator müalicəyə yazılıb. Bundan sonra bir-iki dəfə sarğıya gəlib, hər hansı ciddi narahatlığının olduğu müşahidə edilməyib.
Sonralar xəstə təkrar müayinəyə və baxışa çağırılsa da, gəlməkdən imtina edib. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikamızda həkim köməkçisi kimi fəaliyyət göstərir".
***
12:15
Bakıda idman kompleksinin həyətində 23 yaşlı qızın meyiti tapılıb.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dekabrın 18-nə keçən gecə saat 03 radələrində Xətai rayonu Xocalı prospektində baş verib.
Xocalı prospekti 25 ünvanında yerləşən idman kompleksinin həyətində Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Nərmin Bəylər qızı İsgəndərovanın meyiti aşkar edilib. İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Gənc qızın kompleksin həyətinə hansı məqsədlə gəlməsi, ölüm səbəbi və sair hələlik müəyyənləşməyib. N.İsgəndərovanın mütəmadi olaraq idman zalına getdiyi və buna dair görüntüləri sosial şəbəkə səhifəsində paylaşması məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.
***
10:51
Bloger Nərmin Bəylər qızı Mehdiyeva vəfat edib.
Modern.az "Oxu.Az"a istinadən xəbər verir ki, onun bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib.
Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb.
Məlumata görə, N.Mehdiyeva orta təhsilini yarımçıq qoyub, ailədə beş bacı olublar. N.Mehdiyevanın boşandığı, bir qız övladı olduğu bildirilir.