Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib.
Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib.
Tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
Tədbirdə Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və dərnək üzvləri iştirak ediblər.
Tədbir iştirakçılarına yanğınsöndürənlərin gündəlik rejim qaydası və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların ənənəvi məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.