AZ

“60-70 manatı qarşılaya bilməyən klubdan hansısa uğur gözləmirik” – sumqayıtlı azarkeşlər nə istəyir?

Misli premyer-liqasının 17-ci turunda diqqətçəkən məqamlardan biri də “Qarabağ” – “Sumqayıt” matçına təsadüf etdi. Belə ki, “gənclik şəhəri”nin təmsilçisinin tribunalarda görməyə öyrəşdiyimiz fanklubu “UltraSumqayıt” “Tofiq Bəhramov”a gəlmədi. Sonradan bəlli oldu ki, azarkeş qrupu “Sumqayıt”ın onlara hörmətsizlik etdiyini düşündüyündən komandanı çətin səfər matçında dəstəkləməkdən vaz keçib.

“UltraSumqayıt”ın məsələylə bağlı bəyanatı belədi:

“Klub şəhərimizin digər fanklubundan fərqli bizim istəklərimizi qarşılamır. Halbuki iki azarkeş qrupu da Sumqayıtındı. Niyə ayrı-seçkilik edirlər? Anlamırıq... 60-70 manatı qarşılaya bilməyən klubdan hansısa uğur gözləmirik”.

Onda “UltraSumqayıt” bundan sonra komandanı dəstəkləməyəcək? Söhbət konkret hansı istəklərdən gedir? Bu suallarla fanklubun rəhbəri Qüdrət Allahverdiyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Bilindiyi kimi, “Qarabağ”la matç səfərdə keçirildi. Burda bilet məsələsi var. Onsuz da rəqib komanda qonaqlar üçün müəyyən sayda bilet ayırır. Biz azı 30-40 nəfərik. Bu üzdən hər birimiz 3 manat ödəməli oluruq. Avtobuslar da 80 manata aparır. İş orasındadı ki, “Sumqayıt” bu xərcləri qarşılamaq istəmir. Daha əvvəl klub tərəfindən bizə kömək edilib. Edilməliydi də. Amma dəfələrlə bütün xərcləri öz cibimizdən qarşılamışıq. Biz heç maddi dəstək də gözləmirik. Məsələ odu ki, bizə verilən sözlər yerinə yetirilmir. Bundan sonra hansı addımı atacağımız haqda qərarı öz aramızda razılaşandan sonra verəcəyik”.

KƏNAN BAHADIR
phrase_var_article.chosen
10
football-plus.az

1phrase_var_article.sources