AZ

Aleksandr Qolovin: “Məni “Monako”da hər bir xüsus qane edir”

“Monako”nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin knyazlıq klubundan mümkün gedişi ilə bağlı sualı cavablandırıb.

Arena.az rusiyalı futbolçunun bu barədə cavabını təqdim edir:

“Başqa kluba keçidim? Birincisi, “Monako”da məni hər bir xüsus qane edir. UEFA Çempionlar Liqasında oynayırıq, Liqa 1-in yarış cədvəlində yüksək yerlər uğrunda mübarizə aparırıq. İkincisi, hansısa klubun mənimlə ciddi maraqlandığını təsəvvür etsək belə, mənə çox şey verən “Monako”nun maraqları nəzərə alınmalıdır. Bu, hətta müzakirə edilmir”, deyə Qolovin qətiyyətlə bildirib.

Xatırladaq ki, Aleksandr Qolovin Moskva ÇSKA-sının yetirməsidir. O, vaxtilə Rusiya klubunun əsas komandasında 113 oyuna çıxıb, 13 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Qolovin 2018-ci ilin iyul ayında 30 milyon avro müqabilində məhz ÇSKA-dan “Monako”ya keçib. Həmin dövrdən bəri rusiyalı futbolçu knyazlıq klubunun əsas komandasının heyətində 222 oyuna çıxıb, 33 qol vurub, 40 məhsuldar ötürmə ilə yadda qalıb.

Rusiyalı futbolçunun “Monako” ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi var. O, sözügedən klubla heç bir titul qazanmasa da, vaxtilə ÇSKA ilə Rusiya çempionu (2016-cı il) olub, 2017/2018-ci illər mövsümündə ilin futbolçusu seçilib. O, 2013-cü ildə də Rusiyanın U-17 yığması ilə Avropa çempionu olub.

Qolovin Rusiyanın U-17 yığmasından başqa U-18, U-19 və U-21-də də çıxış edib. 2015-ci ilin iyun ayında əsas millidə debüt etmiş yarımmüdafiəçi indiyə qədər meydana çıxdığı 47 oyunda 6 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

phrase_var_article.chosen
9
arena.az

1phrase_var_article.sources