"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş qış transfer pəncərəsində klubdan ayrılacağı haqda yayılan məlumatlara münasibət bildirib.
QOL.az AS-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu məlumatları təsdiqləyib və İstanbul təmsilçisinin rəhbərliyi ilə münasibətlərinin pis olduğunu etiraf edib:
"Mənim "Qalatasaray"la işim bitdi. Yanvarda gedəcəyəm. Bunu kluba bildirmişəm. Artıq məndən heç nə soruşmurlar. İstədiyimi edirəm. Okan Buruk kimi pis baş məşqçi görməmişdim.
“Qalatasaray”ın çempionluğu məni maraqlandırmır. Nə olursa, olsun, məni rahat buraxsınlar. Mövsümün əvvəlində bura gəldiyimə görə artıq təəssüflənirəm".
Qeyd edək ki, Ziyeş bu ilin yayında "Çesi"dən ayrılıb və birdəfəlik "Qalatasaray"a keçib. Futbolçunun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. O, 2023/24 mövsümündə icarə əsasında Superliqa təmsilçisinin formasını geyinib.
Bu mövsüm isə Ziyeş "Qalatasaray"ın heyətində 11 matçda (ümumilikdə 320 dəqiqə) meydana çıxıb və 1 məhsuldar ötürmə edib.