"Qərb ölkələri Ukrayna prezidenti Volodimir Zelenskini sülh danışıqlarına çağırmağı dayandırmalıdır. Əvəzində Kiyevə təhlükəsizlik zəmanəti vədlərinin reallığını təmin etmək lazımdır".
Azreform.info xəbər verir ki, bunu "Financial Times"ə müsahibəsində Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas deyib.
“Putin danışmaq istəmədiyi halda Zelenskini danışmağa sövq etməyin mənası yoxdur”, - Kallas deyib.
Diplomat əlavə edib ki, sülh olmayanda sülhməramlılardan danışa bilmərik: "Bəs o zaman niyə sülh yoxdur? Çünki Rusiya sülh istəmir".
Avropalı diplomat qeyd edib ki, indi Ukraynaya dəstək vermək, sonradan müharibəyə dözməkdən qat-qat ucuz başa gəlir: "Çünki Rusiya hədəflərini dəyişməyib. Yəni bu məsələdə özümüzə qarşı çox dürüst olmalıyıq".
Kallas onu da bildirib ki, hazırda Ukraynanı gücləndirmək üçün hər şey etməlidirlər: "Onlar döyüş meydanında nə qədər güclü olsalar, danışıqlar masasında bir o qədər güclü olarlar".
NATO baş katibi Mark Rütte isə bildirib ki, əgər indi sülh sazişinin necə ola biləcəyini öz aralarında müzakirə etməyə başlasalar, ruslar üçün işi asanlaşdırmış olarlar.
Mürtəza
Azreform.info