Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə SİA-ya İlahiyyat İnstitutundan bildirilib.
Tədbirdə Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru dosent Mirniyaz Mürsəlov kitabın nəşr olunmasının 30 illik işğal dövründə erməni qəsbkarları tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş vandallıq aktlarının, o cümlədən dağıdılmış, təhqir və ya təhrif edilmiş abidələrin müəyyənləşdirilməsi istiqamətində çox böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Prorektor Şuşa şəhərinin tarixinin və maddi-mədəni irsinin yeni baxış bucağı və reallıqlar əsasında tədqiq edilməsinin tariximizin öyrənilməsi baxımından önəmini diqqətə çatdırıb.
Daha sonra müəllif kitabın yazılması prosesi, tədqiqat dövründə Şuşaya səfəri və orada gördükləri barədə fikirlərini bölüşüb. O, kitabın ümumilikdə Qarabağın, xüsusilə Şuşa şəhərinin tarixi, maddi-mədəni irsi ilə tanış olmaq istəyən şəxslərdə dolğun təsəvvür yaradacağını, tarix, epiqrafika, dinşünaslıq və ilahiyyat fənlərinin tədris olunduğu ali təhsil müəssisələrində mühazirə və seminarlar zamanı istifadə edilə biləcəyini söyləyib.
Qeyd edək ki, kitabın elmi redaktoru və “Ön söz” müəllifi akademik Gövhər Baxşəliyeva, rəyçiləri isə professor Sakit Hüseynov və tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovdur.
Tədqiqat əsərinin I fəslində Qarabağın və Şuşa şəhərinin tarixinə, toponimikasına, bu torpaqlarda yaşamış xalqların etnogenezinə və XIX əsrin ikinci yarısınadək bu coğrafiyada cərəyan etmiş ictimai-siyasi hadisələrə qısa şəkildə nəzər salınıb. II fəslində isə Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi, XVIII-XIX əsrlərdə bu regionda hakim olmuş ictimai-dini ideologiya, o cümlədən iqtisadi-siyasi vəziyyət və bir sıra digər məsələlər epiqrafik abidələr əsasında tədqiq edilib.