Dövlət başçısı qeyd edib ki, Ermənistan İkinci Qarabağ müharibəsini və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdır. Fakt odur ki, bu qələbə nəinki Cənubi Qafqaz regionunda, bütövlükdə postsovet məkanında siyasi mənzərəni tamamilə dəyişdi, separatizmdən və bölücülükdən əziyyət çəkən dövlətləri hərəkətə keçirdi. MDB məkanında ilk dəfə idi ki, bir dövlət kənar təsir olmadan ərazi bütövlüyünü, suverenliyini bərpa etdi.
Düzdür, bu qələbəyə Qərbin bəzi dövlətlərinin cavabı ağrılı, hətta isterik olsa da, rəsmi Bakı prosesi məntiqi sonluqla başa çatdırmağa nail oldu.
Son zamanlar yeni geosiyasi mübarizə fəal şəkildə vüsət alır, bu mübarizədə aparıcı rolu Fransa və ABŞ kimi Qərb dövlətləri və itirilmiş mövqelərini bərpa etməyə çalışan Ermənistanın özü oynayır. Bu proseslərin fonunda Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələrin Ermənistanda necə revanşist əhvali-ruhiyyəni qızışdırdığını, münaqişənin potensial bərpasına şərait yaratdığını görürük. Buna görə də İlham Əliyev müsahibədə ermənilərə aydın şəkildə mesaj göndərdi - Azərbaycan istənilən hərbi təxribata cavab verəcək.
Prezident müsahibəsində daha sonra on yeddi bənddən ibarət sülh sazişi layihəsinin hələ razılıq əldə edilməmiş iki bəndinin mahiyyətini də açıqlayıb - birincisi, bir-birinə qarşı beynəlxalq iddialardan imtina, ikincisi isə sərhəddə digər ölkələrin nümayəndələrinin, daha dəqiq ifadə etsək, Avropa İttifaqının casusluq missiyası ilə bağlıdır.
Bundan əlavə, Prezident "erməni tərəfinin etməli olduğu" daha iki məqamı qeyd edib. Birincisi, konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının olması səbəbindən onu dəyişdirmək. İkincisi isə Qarabağ münaqişəsinin həlli ilə aktuallığını itirmiş ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməkdir.
İlham Əliyev bildirib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi sadəcə obyektiv şərtdir: "Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.
Prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq. Davam edən silahlanma yarışına gəldikdə, bu, əlbəttə, sülh sazişinin bir hissəsi ola bilməz, amma Ermənistanla qarşılıqlı fəaliyyətin sanki başqa formatının bir hissəsi olacaq. Biz gələcəkdə də, ilk növbədə, bu cür hərəkətlərin onlar üçün fəlakətli olacağını erməni tərəfinə çatdırmağa çalışacağıq".
Beləliklə, aydın oldu ki, əgər ilk iki bənd - iddialardan imtina və sərhəddə üçüncü ölkələrin nümayəndələrinin yerləşdirilməməsi sülh müqaviləsinin məzmunu kontekstində müzakirə olunursa, digər ikisi - Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi - müqavilə layihəsində birbaşa əks olunmayıb, lakin onun imzalanması üçün Bakının ilkin şərtləridir.
Ölkə Prezidentinin müsahibə zamanı ən maraq doğuran açıqlamalarından biri də Ermənistan iqtidarının tez-tez mövqe dəyişikliyi siyasəti yürütməsi ilə bağlıdır. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərində geridönüşün olmadığını açıqlayan İrəvan Fransa ilə münasibətləri fəallaşdırır. Prezident də bunu regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün birbaşa təhlükə adlandırıb.
Ümumiyyətlə, Prezident Əliyevin müsahibədə verdiyi cavablar regionun gələcək inkişafı ilə bağlı müsbət tendensiyalara köklənib. Eyni zamanda, bütün sağlam düşüncəli insanlara öz kimliyini və suverenliyini dayanmadan qorumağa çağırış əks olunub.
Ümid etmək olar ki, ilk növbədə, Ermənistan bu mesaj və çağırışlara qulaq asacaq, müəyyən nəticələrə gələcək. Bu onun üçün həyati məsələdir. /Report.az/