Azərbaycan regional sülh gündəliyinə sadiqdir və bu istiqamətdə qəti addımlarını davam etdirəcək. Bu fikri Baş nazir Əli Əsədov dekabrın 19-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
O, Azərbaycanın 30 ilə yaxın davam edən erməni işğalına son qoymasından, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən danışaraq əlavə edib: “Ermənistan işğal etdiyi torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün olmuşdur. Ərazilərimizdə urbisid, kultursid və ekosid törədilmişdir. Azərbaycan xalqının mədəni və dini irsi məhv edilmişdir. O ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilmişdir. Hazırda isə bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, kəndlər və şəhərlər tamamilə yenidən qurulur. Artıq minlərlə keçmiş məcburi köçkün öz dədə-baba yurdlarına qayıdıb”.
Baş nazir vurğulayıb ki, yeni reallıqlar regionda davamlı sülh və sabitlik, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır.
ZÜMRÜD