AZ

Aygün Əliyeva: "Azərbaycan ilk dəfə COP29 kimi möhtəşəm tədbirə ev sahibliyi etdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Müstəqilliyin ilk illərində qeyri-hökumət təşkilatları ilə dövlət qurumlarının birgə fəaliyyətində ciddi problemlər var idi".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən "Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" mövzusunda konfransda deyib.
O bildirib ki, bunu nəzərə alan ümummilli lider Heydər Əliyev problemi aradan qaldırmaq üçün vacib addımlar atdı:
"Hazırda ulu öndərin miras qoyduğu ənənələrdən dolayı Azərbaycan vətəndaş cəmiyyəti ilə dövlət arasında münasibətlərin kuliminasiya nöqtəsinin göstəricisidir. Ölkəmizdə bərqərar olan iqtisadi, siyasi, sosial, mədəni inkişaf, vətəndaş cəmiyyəti və siyasi plüralizm, uzunmüddətli ciddi təşkilati işlərin görülməsinin nəticəsidir. Ölkə Prezidenti öz şəxsi nümunəsi ilə hər kəsin müstəqil mövqeyini, fərqli düşünmək hüququnu qəbul edir, hətta opponentlərin əsassız tənqidlərinə hədsiz dözümlülük göstərir".
"Bu il Azərbaycan ilk dəfə COP29 kimi möhtəşəm tədbirə ev sahibliyi etdi. Bu sammitdə iştirak baxımından qeyri-hökumət təşkilatları dövlətlərdən sonra ən çox təmsilçiliyə sahib idi. Tədbir zamanı ölkəmizə 10 minə yaxın qeyri-hökumət təşkilatının nümayəndələri qonaq qismində gəlmişdi və ölkə prezidenti də müsahibəsində bu məsələyə toxundu. Amma təəssüf ki, bu cür əhəmiyyətli tədbir zamanı da bəzi qüvvələr qarayaxma kampaniyalarını davam etdirdilər. Təbii ki, bu zaman səsləndirilən ən böyük ittiham Azərbaycanın neft ölkəsi olması ilə bağlı idi. Ölkə prezidenti isə bu məsələyə cavabında bildirdi ki, Azərbaycan sıradan neft ölkəsi deyil. Azərbaycan tarixən neftin sənaye üsulu ilə istehsal olunduğu ilk ölkədir. Hətta bu gün həmin o siyasi dairələrin də fəxrlə adını çəkdiyi Nobel mükafatının nüfuzu da, sərvəti də Azərbaycan neftindən qidalanıb. Ümumiyyətlə, neft olmasaydı, dünyanın sivilizasiyası necə olardı? Bu özü də çox ciddi bir sualdır və Azərbaycanı neft ölkəsi olmaqla ittiham edən qüvvələr həm də onu göz önünə gətirməlidir ki, bu gün Azərbaycan enerji ölkəsi olmağa doğru çox uğurla inteqrasiya edir, 30 il ərzində işğal altında inləyən torpaqlarımızı sıfır emissiya ilə gülüstana çevirir".
Mərahim Nəsib
Seçilən
7
oxu.az

1Mənbələr