19 dekabr 2024-cü il Azərbaycanın müstəqillik tarixində beynəlxalq diplomatik uğurlar sırasına daxil olan növbəti əlamətdar hadisə kimi yadda qalıb.
Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.
Bu, D-8 yarandığı gündən təşkilatın sıralarının ilk genişlənməsi kimi əlamətdardır.
Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən (ümumi əhali 1,2 milliardan artıqdır) və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir.
Bu, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev ilk dəfə olaraq fəxri qonaq qismində İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib.
Azərbaycanın D-8-ə qoşulması, ölkəmizin multilateralizm siyasətinə sadiqliyini bir daha nümayiş etdirir. Bu, Azərbaycanın təşkilat çərçivəsində həm çoxtərəfli, həm də ikitərəfli formatda əlaqələrinin inkişafına təkan verəcək.
D-8-ə üzvlük və İslam Əməkdaşlıq Təşkilatına üzvlük, ölkəmizin xarici siyasətində bir-birini tamamlayan elementlərdir.
Ölkəmizin D-8 üzvlüyü bir daha sübut edib ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir.
Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq.
Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət və bir sıra digər vacib istiqamətlərdə əlaqələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Geosiyasi mövqeyi, geniş iqtisadi potensialı, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional mərkəzlərdən biri kimi seçilən Azərbaycanın üzvlüyünün təşkilatı daha da möhkəmləndirəcəyinə əminik.
Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindənbiri olan Azərbaycanın D-8 üzvlüyü eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri “2020-2030 illər yol xəritəsi” sənədində əks olunub.