AZ

Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir

Prezident İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə Azərbaycan və Rusiya ictimaiyyəti ilə yanaşı, beynəlxalq auditoriyaya da mühüm mesajlar verdi. Səsləndirilən suallar, əslində, Rusiyada ictimai fikri ciddi şəkildə düşündürən aparıcı mövzuların güzgüsüdür. Bu müsahibənin  Rusiya informasiya məkanının əsas simalarından biri  tərəfindən götürülməsi həm də onu deməyə əsas verir ki, toxunulan məsələlər qonşu ölkənin siyasi çevrələri, o cümlədən, rəsmi dairələri üçün də prioritet təşkil edir.

 

Elə buna görə o da şübhəsizdir ki, seçilmiş sualların əhatə dairəsi təsadüfi deyildi. Qlobal qarşıdurma artıq elə təhlükəli həddə çatıb ki, əgər bir zamanlar nüvə silahından istifadədən söz açmağın özü belə qəbahət sayılırdısa, bu gün bu, siyasi ritorikalarda və media müzakirələrində adi hala çevrilib. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə cərəyan edən hadisələr, xüsusilə son günlər Gürcüstanın ictimai-siyasi həyatında baş verən proseslər fonunda Azərbaycanın tutduğu mövqe, şübhəsiz ki, Rusiyanın da  xüsusi diqqət mərkəzindədir. Nəzərə alsaq ki, Ermənistan tarixi himayədarına xəyanət edərək, Fransa kimi yeni hamisinin ağuşuna sığınmaq və KTMT-dən ayrılmaq yolunu seçib, üstəlik, öz ərazisində Avropa İttifaqının müşahidəçi missiyası adı altında faktiki NATO təmsilçilərini yerləşdirib, şübhəsiz, belə vəziyyət Rusiyanı narahat etməyə bilməz. Azərbaycan isə  Cənubi Qafqazda yeni geosiyasi reallığın müəllifi olduğu üçün onun mövqeyinin istər regional müstəvidə, istərsə də daha geniş coğrafiyada nəzərə alınmaması mümkünsüzdür. Eyni zamanda, cəmiyyətimiz aydın şəkildə onu da görür ki, Ermənistandan hərbi, siyasi və maliyyə dəstəyini əsirgəməyən Fransa, onun diktəsi ilə eyni yolu seçən Avropa İttifaqı və Azərbaycana qarşı 907-ci düzəlişin tətbiqini bərpa edən ABŞ-nin Bayden administrasiyası Gürcüstanın da daxili işlərinə qarışmağa və oradakı ictimai-siyasi  prosesləri yönləndirməyə çalışırlar. Eyni dairələr demokratiya, insan haqları və hətta dini təəssübkeşlik kimi təhlükəli həmrəylik pərdəsi adı altında öz geosiyasi maraqlarını təmin etmək üçün Cənubi Qafqazı ayırıcı xətlərlə bölməyə və onu qlobal qarşıdurmanın növbəti platsdarmına çevirməyə cəhd edirlər. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan, bununla məlum dairələrin ölkəmizə qarşı ən azı iki əsrlik məkrli planını iflasa uğradan Azərbaycan da bu təhlükəli tendensiyaları dəqiqliklə görür və onların qarşısını almaq üçün müstəqil və qətiyyətli mövqe nümayiş etdirir. Prezident İlham Əliyev elə bu gerçəkliyi nəzərə alaraq, “Rossiya Seqodnya” Agentliyinə müsahibəsində həm Rusiya ictimaiyyətinə, həm də beynəlxalq auditoriyaya bu mühüm mesajı verdi: “Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq… Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidr”.

 

Dövlətimizin başçısı ölkəmizin müttəfiqlik öhdəliklərindəki çoxşaxəlilik amilini xüsusi olaraq qabartmaqla beynəlxalq birliyə həm də bu mesajı verdi ki, Azərbaycan COP29-a ev sahibi seçilərkən bəyan etdiyi məqsədlərinə bu gün də sadiqdir, qlobal qarşıdurmanın dərinləşməsində deyil, əksinə, gərginliyin azaldılmasında maraqlıdır. Elə buna görə Azərbaycan hakimiyyəti çalışır ki, mövcud imkanları çərçivəsində Qərb və Şərq arasında etibarlı körpülərin qurulmasına töhfə verə bilsin. Prezident İlham Əliyevin müsahibədəki növbəti fikirləri həm də bu baxımdan dünya ictimaiyyətinə və aparıcı aktorlara mühüm ismarıc mahiyyəti daşıyır: “Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq”.

 

Cənab Prezident cəmiyyətimizi düşündürən və haqlı olaraq narahat edən məsələlərlə bağlı mövqeyini də müsahibədə açıq şəkildə ortaya qoydu. Onlardan biri sözdə sülhdən danışan, əməldə isə ardıcıl şəkildə militarizasiya siyasətini həyata keçirən Ermənistan rəhbərliyinin təhlükəli seçimi ilə bağlıdır. Bu siyasətin ölkəmiz üçün real təhlükə riski həm də ondadır ki, onun arxasında kifayət qədər böyük ölkələr dayanır və siyahıya  Fransa prezidenti Makron başçılıq edir. Onun adının olduğu yerdə isə Azərbaycan əleyhinə hər cür haqsızlığın edilə biləcəyi  cəmiyyətimiz üçün artıq sirr deyil. Prezident Makronun anti-Azərbaycan mövqeyi hələ 44 günlük Vətən müharibəsinin gedişində məlum olmuşdu. Onun həmin vaxt verdiyi “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi beynəlxalq hüquqa və tərəfsiz vasitəçi mandatına zidd olan bəyanatını cəmiyyətimiz bu gün də unutmayıb.  Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, Afrikada, Sahel regionunda, Nigerdə, Burkino-Fasoda, Malidə, Çadda, Seneqalda və Livanda Fransa xarici siyasətinin iflasa uğraması da əsla təsadüfi deyil və prezident Makronun rəhbərliyi dövrünə həkk olunmuş uğursuzluq silsiləsinin kiçik bir hissəsidir. Fransanın tarixi, mədəni və ədəbi irsinə hər zaman hörmətlə yanaşmış Azərbaycan cəmiyyətinin bu gün Fransadan narazı qalmasının əsas səbəbi prezident Makronun yürütdüyü anti-Azərbaycan siyasətinin, onun hakimiyyətə gəlişinə qədər ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə dönük çıxmasının məntiqi nəticəsidir. Əgər Fransa rəsmiləri dayanmadan hələ də bəyan edirlərsə ki, bütün müstəvilərdə Azərbaycana qarşı Ermənistanın yanında olacaqlar, bunu eşidən Azərbaycan vətəndaşı Makron hökumətinə necə etiraz etməyə və onun siyasətindən razı qala bilər?! Bəlkə də elə bu cür siyasi uğursuzluqlar silsiləsi prezident Makronu psixoloji olaraq ona sürükləyir ki, hansısa ölkələr və ya regionlar, o cümlədən Azərbaycan və Cənubi Qafqaz üzərindən növbəti siyasi avantüraya başçılıq etsin. Təki karyerasına yazıla biləcək kiçik bir “uğur hekayəsi” ərsəyə gəlsin və uğursuzluqlarını Fransa cəmiyyətinə unutdursun.  Ola bilsin ki, prezident Makronun Ermənistanla bağlı yürütdüyü təhlükəli militarizasiya siyasətinin səbəblərindən biri də onun bu cür cılız və zədələnmiş siyasi eqosundan qaynaqlanır. “Moody‘s” tərəfindən Fransanın reytinqinin aydan-aya aşağı salınması bəlkə də elə bu cür özünəvurğunluğun, təməli olmayan böyük siyasi ambisiyaların nəticəsidir. Siyasətçi olduğundan daha böyük görünmək istədikdə isə bu, mütləq fəlakətlə yekunlaşır. Təəssüf ki, bəzən siyasətçinin yalnız özü və rəhbərlik etdiyi komanda üçün deyil… Prezident İlham Əliyev elə bütün bunlara görə həm Ermənistan rəhbərliyinə, həm də militarizasiya siyasətində onun arxasında dayanan ölkə və təşkilatlara açıq mətnlə bu mesajı verdi: “Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək… Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın”.

Bu gün dünya ictimaiyyətini, o cümlədən Azərbaycan cəmiyyətini ciddi narahat edən həm də odur ki, qlobal qarşıdurma bu templə davam edərsə, qütblərin açıq hərbi toqquşması qaçılmaz ola bilər. Bu isə o deməkdir ki, hansı coğrafiyada yerləşməsindən asılı olmayaraq, heç bir ölkə onun fəsadlarından kənarda qala bilməyəcək. Cənab Prezident bu gerçəkliyi nəzərə alaraq, müsahibədə  diqqəti ona çəkdi ki, həmin təhlükənin reallaşmaması, aparıcı dövlətlərdən, ilk növbədə, ABŞ-nin siyasi iradəsindən asılıdır. Prezident İlham Əliyev onu da xüsusi vurğuladı ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın praqmatik və sülhpərvər mövqe tutacağına, dünyada gərginliyin səngiməsi naminə fəaliyyət göstərəcəyinə ümid edir: “İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir”.

 

Prezident İlham Əliyevin bu bəyanatı və bütövlükdə müsahibə boyunca səsləndirdiyi fikirlər, verdiyi mesajlar bir daha təsdiq etdi ki, dövlətimizin başçısı praqmatik siyasət seçiminə sadiqdir və bu seçimin təməlində yalnız dövlət maraqlarımızın qorunması,  beynəlxalq hüquqa və ölkəmizin  öhdəliklərinə sadiqlik amalı dayanır. Azərbaycan Liderinin ABŞ-nin yeni administrasiyası ilə bağlı fikirləri həm də onun göstəricisidir ki, Prezident İlham Əliev qərar və  addımlarında olduğu kimi, müsahibə və mesajlarında da məntiqi fikir ardıcıllığına söykənir və burada təsadüf amilini, yaxud emosinal yanaşmanın izlərini axtarmaq əbəsdir. Məhz bu prizmadan yanaşdıqda, Azərbaycan Prezidentinin cari il iyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumunda beynəlxalq birliyə verdiyi mesajlar yenidən yada düşür. Maraqlıdır ki, həmin Forum “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr olunmuşdu. Forumda cənab Prezidentə ünvanlanan suallardan biri də ABŞ-də kimin prezident seçiləcəyi və namizədlərdən hansına rəğbət bəsləməsi ilə bağlı idi. Prezident İlham Əliyev o vaxt bu cavabı vermişdi: “Biz bir-birimizi onilliklərdir tanıyırıq və tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim… Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadl. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”.

 

Dövlətimizin başçısı həmin Forumda hər bir Azərbaycan vətəndaşı üçün olduqca önəmli olan və cəmiyyətimizin cənab Prezidentin fəaliyyətində xüsusi dəyər verdiyi bu fikri də səsləndirmişdi: “Mən çalışıram, əlimdən gələni edirəm ki, maksimum dərəcədə fikirlərimi səmimi ifadə edim. İstənilən auditoriya qarşısında, istər mətbuat qarşısında və yaxud da Azərbaycan ictimaiyyəti qarşısında keçirilən tədbirlərdə mən heç bir halda yanlış məlumat paylaşmıram”.  Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə də bu baxımdan istisna təşkil etmədi, suallara dolğun və səmimi cavabları, praqmatik yanaşma və mövqe açıqlığı ilə yadda qaldı.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Seçilən
2
8
xalq.az

9Mənbələr