AZ

Dünya yaddaş çempionu ilə görüş - MASALLIDA

Dünya yaddaş çempionu Orxan İbadov Masallıda ...


Dekabrın 19-da rayondakı Heydər Əliyev Parkında təşkil edilən “Gənclərin və idmançıların həmrəyliyi festivalı”nda iştirak edən həmyerlimiz daha sonra Masallı Dövlət Regional Kollecinin tələbələri ilə görüş keçirib.
Masallı Gənclər Evində təşkil edilən tədbirdə tələbələrlə yanaşı ziyalılar, təşkilat rəhbərləri də iştirak ediblər.
Jurnalist-publisist Akif Ağayev dünya yaddaş rekordçusu haqqında məlumat verib. O, bildirib ki, əslən Masallı rayonundan olan Orxan Yaşar oğlu İbadov 15 yaşında 642 balla BDU-nun hüquq fakültəsinə daxil olub. Bakalavr, magistr dərəcəsi alıb. Hüquqşünas kimi çox az çalışıb. 2007-ci ildən internet, marketinq və axtarış sistemləri üzrə təkmilləşdirmə proqramlarını öyrənib. 2017-ci ildən müstəqil qaydada Azərbaycanı mötəbər beynəlxalq yarışlarda təmsil edib. İlk çempionluq tituluna 7 il öncə İstanbulda keçirilən “MEMORİAD” yarışlarında sahib olub. Filippində, Danimarkada, Avstriyada, Almaniyada, Misirdə, Fransada və bir çox ölkələrdə keçirilən yarışlarda yüksək nəticələr əldə edib. MDB məkanı üzrə yarışlarda birinci yeri tutub, Avropa çempionatının bürünc medalını qazanıb. Azərbaycanda, İspaniyada, Tailandda, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə sürətli öyrənmə strategiyaları, müasir təhsil metodları, sürətli oxuma, yaddaş və beynin inkişafı ilə bağlı digər sahələrdə fərdi və korporativ təlimlər keçir. Hazırda ilin bir hissəsini Bakıda, çoxunu Barselonada yaşayır. İngilis, ispan, rus dillərində sərbəst danışır. Elektron ticarət sahəsində İspaniyanın aparıcı mütəxəssislərindən biridir. 
Keçən ilin yayında Fransa kubokunu ölkəmizə gətirən Orxan noyabr ayında Hindistanın Mumbay şəhərində keçirilən Dünya Yaddaş Çempionatında dünya rekordunu qıraraq çempion olub. Dünyanın ən güclü 780 zəka sahibinin qatıldığı yarışlarda Azərbaycanı uğurla təmsil edən 38 yaşlı həmyerlimiz bir saat ərzində 3412 rəqəmi sırayla düzgün yadda saxlayaraq yeni dünya rekorduna imza ataraq tarixə düşüb. O, həmçinin 15 dəqiqə ərzində 146 üz, ad və soyadı düzgün yadda saxlayaraq bütün rəqiblərini qabaqlaya bilib. 10 kateqoriya üzrə keçirilən müsabiqədə iki qızıl, 4 kateqoriyada gümüş, 2 kateqoriyada bürünc medal qazanaraq Dünya çempionatının çox medal qazanan yarışmaçısı olub. Bu, Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq intellektual oyunlarda göstərilən ən yüksək nəticədir...
Görüşdə gənclərə yarışlarda və həyatda qazandığı uğurların sirlərindən, gələcək hədəflərindən danışan Orxan İbadov iştirakçıların ikinci beyin, öyrənmə, yadda saxlama bacarığı və yaddaş texnikası və digər mövzulu suallarını cavablandırıb, tələbələrə bu yönümdə tövsiyələrini çatdırıb.
Maraqlı diskusiya şəklində davam edən görüş iştirakçılarda xoş təəssürat yaradıb. 

 

Akif VAQİFOĞLU

Seçilən
1
27
qht.az

10Mənbələr