AZ

Bəzi insanlar nə üçün əsəbiləşəndə tərləyir və ya üşüyür? - SƏBƏB

"İnsanlarda əsəb pozğunluqları əsasən şəxsi həyatın, iş və ya sosial münasibətlərin gətirdiyi stresdən, ağır emosional təcrübələrdən və ya daxili gərginliklərdən qaynaqlanır". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu problemin bir çox səbəbi olur:

"İnsanların gündəlik həyatlarında iş təzyiqləri, ailə problemləri və ya maliyyə çətinlikləri ilə üzləşməsi əsas səbəblər sırasındadır. Nəzərə almaq lazımdır ki, bu da öz növbəsində beyin və bədənin mütəmadi olaraq döyüş və ya qaç reaksiyasını tətikləyərək əsəb və gərginliyə səbəb olur.

Həmçinin, yaşanılan psixoloji travmalar da insanın emosional vəziyyətini pozaraq əsəbilik və digər psixoloji problemlərə yol aça bilir".

364527

Psixoloq qeyd edib ki, bəzi psixoloji xəstəliklər isə insanın emosional vəziyyətini dəyişdirərək əsəbilik yaradır:

"Buraya anksiyete, depresiya və psixoz kimi xəstəlikləri adi etmək olar. Bundan başqa, insanın maddi vəziyyətin pisləşməsi, borc yükü və işsizliklə bağlı narahatlıqların da emosional vəziyyəti ciddi şəkildə pozması mümkündür.

Ümumiyyətlə, stresə məruz qalan insanlar davamlı olaraq qorxu, narahatlıq və əsəbilik hissi yaşayırlar. Bu, bədəndəki hormonların yüksək səviyyədə qalmasına və uzunmüddətli olaraq psixoloji gərginliyin yaranmasına gətirib çıxarır. Stressin uzun müddət davam etməsi isə daha ciddi problemlərə səbəb ola bilər".

Zəhra Zahidova bəzi insanların əsəbiləşəndə tərləməsinin və ya üşüməsinin səbəblərini də izah edib:

"Bəzi insanlar əsəbiləşəndə adrenal bezlərindən kortizol və adrenalin hormonları ifraz olunur. Bu hormonlar bədəni daha aktiv etməyə, reaksiyanı sürətləndirməyə və enerjini artırmağa çalışır. Sözügedən hormonal dəyişikliklər isə tər vəzilərinin daha fəal olmasına səbəb olur. Ona görə də bəzi şəxslər əsəbi olanda əl-ayaq və baş-boyun bölgələri tərləyir. 

Həmçinin, stress anı simpatik sinir sistemi qan damarlarını daraldır. Bu isə əl, ayaq və üzdə qan axışını azaldaraq soyuq hissinin yaranmasına səbəb olur. Nəticədə, üşümə bədənin qorunma reaksiyası olaraq meydana gəlir. Çünki bədənin bu hissələri təhlükə anında daha az enerji və oksigenlə təmin olunur". 

Pərviz

Seçilən
12
2
hit.az

3Mənbələr