Rusiya Suriyada öz hərbi mövcudluğunu qorumaq üçün Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd əl-Colani ilə danışıqlar aparacaq.
Yerli mətbuatda yayılan məlumatlara görə, Rusiyanın Hmeymim və Tartusda öz hərbi bazalarını müəyyən müddət ərzində saxlamaq üçün Suriyada yeni hərbi-siyasi güc Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının lideri ilə danışıqlar aparacağı gözlənilir.
Məhz Əsəd dövründə olduğu kimi, Rusiya tərəfi Hmeymimdə qalmaq istəyir. Bunun qarşılığında Rusiya HTŞ-ə dəstək verə bilər.
Artıq Rusiya Prezidenti Vladimir Putin son mətbuat konfransında bu məsələyə toxunub. Rusiyanın dövlət başçısı bəyan edib ki, Moskva HTŞ ilə bu istiqamətdə danışıqlar aparacaq.
“Biz təklif etdik ki, gəlin humanitar yardım edək və onlar bunu anlayışla qarşıladılar. İndi biz baxacağıq ki, bazalarda uzunmüddətli qalmaq bizim maraqlara nə qədər uyğundur, nə qədər yox. Çünki biz yeni hakimiyyətlə maraqları uzlaşdırmalıyıq", - deyə Putin vurğulayıb.
Məsələ ilə bağlı politoloq Samir Hümbətov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Rusiya müəyyən dövr üçün Suriyada hərbi bazalarını saxlayacaq:
“Rusiya hərbi bazalarını Suriyadan çıxarmaq o qədər də asan məsələ deyil.Bildirim ki, ölkədə iqtidara qarşı müxalif olan qüvvələr hakimiyyəti ələ alsalar da,hələlik siyasi-iqtisadi və hərbi imkanları məhduddur. Onlara verilən dəstək də o qədər güclü deyil.
Bununla yanaşı, HTŞ Qərb tərəfindən ciddi şəkildə qəbul olunmur. Rusiya kimi qlobal güc mərkəzinin, o cümlədən Türkiyənin HTŞ-yə dəstək çıxması onların beynəlxalq arenada əl-qolunu möhkəmləndirə bilər.
Rusiyanın Suriyada iki hərbi bazası var. Biri Hmeymimdə hərbi hava qüvvələri bazasıdır, digəri isə Tartusda hərbi dəniz donanmasıdır.Moskva Suriyada hər iki bazanı saxlamaq üçün HTŞ ilə sövdəşləməyə gedə bilər. Rusiya ilə HTŞ arasında razılaşma da əldə edilə bilər.
Amma bu razılaşma müəyyən müddət ərzində davam edəcək. Çünki HTŞ-nin rəhbəri öz açıqlamalarında bəyan edib ki, onlar kənar güclərin ölkədə uzun müddət qalmasında maraqlı deyillər. İndiki məqamda olmasa da, gələcək dövrdə Rusiya hərbi bazaları Suriyadan çıxarılacaq. Ancaq hələlik Suriyada hərbi bazaları qalacaq.
Qeyd edim ki, Rusiya Suriyada öz hərbi bazalarını müəyyən dövr ərzində saxlamaqla bərabər HTŞ-yə dəstək də verə bilər. Hesab edirəm ki, HTŞ həm Qərb, həm də Rusiya qarşısında manevr etməyə çalışacaq”.