AZ

Müəllimlərin təhsil kartlarında hansı güzəştlər olacaq?

2025-ci ilin ilk yarısından gec olmayaraq Azərbaycanda müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartlarından istifadə başlayacaq.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib. Ancaq o, güzəştlər barədə geniş açıqlama verməyib.

Maraqlıdır, bəs sözügedən təhsil kartları müəllimlərə hansı güzəştləri verəcək?

Son Yazılar:

Viral.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov daha əvvəl mətbuata açıqlamasında həmin kartların verəcə biləcəyi güzəştlərdən danışıb.

“Gələn ildən təhsil işçilərinə güzəştli kartların verilməsi, müəllimlərin və təhsil sahəsində çalışanların sosial rifahını yüksəltmək və onlara daha geniş imkanlar yaratmaq məqsədi daşıyan mühüm bir addımdır. Təhsil işçilərinə veriləcək bu kartlar vasitəsilə müəllimlər müxtəlif sahələrdə endirimlərdən, pulsuz xidmətlərdən və digər imtiyazlardan istifadə edə biləcəklər…

İlk növbədə, nəqliyyat sahəsində güzəştlərin tətbiqi müəllimlər üçün mühüm bir dəstək ola bilər. Müəllimlərin böyük bir qismi gündəlik olaraq məktəblərə getmək üçün ictimai nəqliyyatdan istifadə edir və bu, həm maddi cəhətdən əlavə yük, həm də gündəlik olaraq qarşılaşılan fiziki yorğunluq yaradır. Ona görə də ictimai nəqliyyatda xüsusi endirimlərin və ya pulsuz keçidlərin təklif edilməsi müəllimlərin xərclərinin azaldılmasına kömək edə bilər. Eyni zamanda, bir sıra ölkələrdə olduğu kimi, intercity və şəhərlərarası nəqliyyatda da müəyyən güzəştlərin tətbiqi uzaq məsafədən gələn müəllimlərə də əlavə imkanlar yarada bilər.

Digər bir mühüm sahə səhiyyə və tibbi xidmətlərdir. Təhsil işçiləri, xüsusilə də müəllimlər peşələri ilə bağlı stress, yorğunluq və digər sağlamlıq problemləri ilə üzləşir, zaman-zaman müxtəlif tibbi yardıma ehtiyac duyurlar. Güzəştli kartların tibbi xidmətlərdə endirimləri, bəzi tibbi testlərin pulsuz olması və ya endirimli tibbi sığorta paketlərinin təklif edilməsi ilə əhatə olunması müəllimlər üçün əlavə motivasiya yarada bilər. Tibbi xidmətlərə güzəştlərin təklif edilməsi həm də müəllimlərin sağlamlığını qorumağa və iş qabiliyyətlərini uzun müddət saxlamağa kömək edə bilər.

Güzəştli kartlar müəllimlər üçün digər sosial və mədəni imkanları da genişləndirə bilər. Mədəniyyət obyektlərinə girişdə endirimlərin tətbiqi, muzeylər, teatrlar, kinoteatrlar və digər mədəniyyət ocaqlarına sərfəli qiymətlərlə giriş imkanı müəllimlərin ictimai-mədəni fəaliyyətlərə daha çox qatılmasına şərait yaradar. Bu, həm də müəllimlərin öz bilik və dünyagörüşlərini genişləndirməsi baxımından faydalıdır. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, müəllimlərin mədəni imkanlardan yararlanması onların şəxsi inkişafına, eyni zamanda şagirdləri ilə ünsiyyətlərinə müsbət təsir göstərir.

Müəllimlərin sosial imkanlarını genişləndirmək üçün xüsusi mağazalarda endirimlərin təklif edilməsi də olduqca effektiv ola bilər. Geyim, gündəlik tələbat malları və digər lazımi əşyalar üzrə endirimlər müəllimlərin həyat keyfiyyətini artırmaqla yanaşı, onların iqtisadi vəziyyətlərinə də müsbət təsir göstərəcək. Müəllimlərin bu sahədə güzəştləri iqtisadi cəhətdən onlara bir qədər rahatlıq gətirə bilər. Məsələn, müxtəlif Avropa ölkələrində, ABŞ-da və Asiya ölkələrində bu sahədə güzəştlər tətbiq olunur və müəllimlərin sosial təminatını artırmaq məqsədilə onlar üçün xüsusi alış-veriş imkanları yaradılır”.

Qeyd edək sadalananalr təhsil ekspetinin təklifləridir və bunlardan hansının güzəştli kartlarda olacağı hələ bilinmir.

Seçilən
1
12
viral.az

10Mənbələr