Prezident İlham Əliyev müsahibədə bir çox məsələlərə münasibət bildirib, dünyanı narahat edən hadisələrə öz baxış bucağından yanaşıb. Dövlət başçısının hər məsələyə yanaşmasında üstün şəxsi keyfiyyətləri, qlobal liderlik xüsusiyyətləri, fikirlərinin məntiqli ardıcıllığı və hadisələrə qlobal baxış özünü aydın göstərir.
Müsahibədə Rusiya və Azərbaycan arasında münasibətlər barədə suala cavabında Prezident bu gün ölkələrimizin iki etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.
2022-ci il fevralın 22-də iki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalandığını xatırladan dövlət başçısı regionda və bütövlükdə dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsinin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etmədiyini bildirib. “Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Prezident İlham Əliyevin Rusiya ilə münasibətlərə bu cür önəm verməsi onu göstərir ki, Bakı atdığı hər addımın məsuliyyətini yaxşı anlayır, öz imzasına sadiqdir. Ayrı-ayrı ölkələr kimi gündə fikir dəyişdirmir. Rusiya ilə münasibətlərin ölkəmiz üçün nə qədər vacib və əhəmiyyətli olması isə regionda və dünyada baş verənlərin fonunda daha aydın ortaya çıxır. Odur ki, Azərbaycan dünyada söz sahibi və yaxın qonşusu olan Rusiya ilə münasibətlərə qarşılıqlı maraqlar və əlaqələr baxımından həssaslıqla yanaşır.
Dövlət başçısı müsahibədə Azərbaycanın Rusiya, eyni zamanda Türkiyə ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycanın qonşuları ilə yaxşı münasibət quran, güc mərkəzləri ilə qarşılıqlı hörmətə əsaslanan və müstəqil xarici siyasət aktoru kimi qəbul olunduğunu qeyd edib. Azərbaycanın həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkə olduğunu söyləyən Prezident “Dünyada ikinci belə ölkə yoxdur” deyib.
Müsahibdə diqqət çəkən məqamlardan biri Azərbaycan liderinin Rusiya-Ukrayna müharibəsi barədə səsləndirdiyi fikirlərdir.
Rusiya-Ukrayna müharibəsinin nəticələnə biləcəyi fəsadlara toxunan Prezident Əliyev bu kontekstdə NATO və Rusiya arasında qarşıdurmanın təhlükəsi barədə fikirlərini açıq ifadə edib.
“Mən yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq. Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir” deyən dövlət başçısı sözlərinə bu fikirlərlə davam edib: “NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin”.
Prezident bu fikirləri ilə şəxsi və ölkə maraqlarını üstün tutanlara, məsuliyyətsiz addımlar atan və bəyanatlar səsləndirənlərə xatırladıb ki, dünya hansı təhlükə ilə üzləşə bilər.
Dövlət başçısı onu da əlavə edib ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər. Bu fikirlər həm də Azərbaycan liderinin dünyanın hansı təhlükə ilə üz-üzə qalmasından keçirdiyi narahatlığın ifadəsidir. Prezident İlham Əliyev regionda və dünyada baş verən geosiyasi prosesləri daha dərindən analiz edir, hansı addımların atılmalı olduğunu görür. Bu isə onun nə qədər uzaqgörən, qabiliyyətli, bacarıqlı lider olmasının daha bir sübutudur.
Prezidentin ardıcıl, prinsipial baxışlarının olmasının növbəti göstəricisi isə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi konkret fikirlərdir.
Azərbaycan və Ermənistan arasında sülh sazişi haqqında danışan dövlət başçısı bildirib ki, sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb.
Prezident vurğulayıb ki onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri isə başqa ölkələrin nümayəndələrini sərhəddə yerləşdirməməklə bağlıdır.
Ölkə başçısı normallaşma prosesi üçün ilk növbədə Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasına müvafiq dəyişikliklər etməsinin, eyni zamanda, Qarabağ məsələsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun ləğvi üçün rəsmi İrəvanın siyasi iradə ortaya qoymasının vacibliyini də diqqətə çatdırıb.
Qeyd etmək yerinə düşər ki, rəsmi Bakı bu prinsipləri uzun müddətdir səsləndirir. Dövlət başçısı bunları bir daha təkrar etməklə, sülh sazişinin əldə olunması üçün Ermənistanın atmalı olduğu addımları İrəvanın diqqətinə çatdırır.
O, qalıcı sülhün əldə olunması, gələcəkdə ərazi iddialarının meydana çıxmaması üçün bu mövzularda konkretlik istəyir, rəsmi İrəvanın bəzi məsələləri gələcəyə daşımaq cəhdlərinin qarşısını alır.
Digər yandan, dövlət başçısı Fransanın regional gərginlik yaratmaq cəhdlərini, Emmanuel Makronun Fransanın siyasi gücünün, çəkisinin xeyli zəiflətdiyini dilə gətirib. Ermənistana silah satışı ilə Azərbaycana praktiki təhdid yaradan Fransanın yenə də regional güc balansını dəyişə bilməyəcəyini, Ermənistanın və onun himayədarlarının silah yarışına tab gətirə bilməyəcəyini açıq söyləyib: “Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər”.
Fransa və ABŞ-ın regionda gərginlik yaratmasına diqqət çəkən dövlət başçısı Gürcüstanda baş verənlərə də toxunub. O, qonşu ölkədə Qərb dairələri tərəfindən süni şəkildə gərginlik yaradıldığını qeyd edib. Prezident İlham Əliyevin müsahibədə Gürcüstanda baş verən son olaylara münasibəti onun prosesləri nə qədər yaxından izlədiyini və dərindən təhlil etdiyini göstərir. Dövlət başçısı Gürcüstanın Azərbaycan üçün çox mühüm tərəfdaş və yaxın dost olduğunu bildirib, ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsinin Azərbaycan üçün də zərərinə diqqət çəkib. “Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin”, - deyə o vurğulayıb.
Dövlət başçısı müsahibədə digər vacib mətləblərə də toxunub, Fransa və ABŞ-ın Azərbaycana qarşı tutduğu ədalətsiz, qərəzli mövqe, COP29-a zamanı ölkəmizə qarşı təzyiq və təhdidlər, Fransanın Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə yürütdüyü müstəmləkəçilik siyasəti, Ermənistan-KTMT münasibətləri, Azərbaycanda rus dilinə münasibət və digər məsələlər barədə ətraflı, dərin analizə əsaslanmış fikirlər səsləndirib.
Onun səsləndirdiyi fikirlər belə deməyə əsas verir ki, Prezident İlham Əliyev müsahibəsi zamanı regional və qlobal siyasət üçün bir növ konkret yol xəritəsi cızıb. O, dünyanı gözləyən təhlükələr, Rusiya və NATO arasında get-gedə "qırmızı xətt"ə yaxınlaşan gərginliyi şərh edərək bunun yaradacağı təhdidlər barədə xəbərdarlıq edib, dialoqun vacibliyini xatırladıb, vəziyyətdən çıxış yolu göstərib.
Ümumilikdə, Azərbaycan dövlət başçısının müsahibəsi ölkə rəhbərinin regional və qlobal proseslər barədə detallı məlumata malik olduğunu, riskləri dəqiqliklə hesabladığını və dərin təhlil apardığını ortaya qoyur.
10Mənbələr
-
metbuat.azQərbin diktat siyasəti Azərbaycan üçün qəbuledilməzdir - ( 14316961)
-
metbuat.az"Qərbin Şərqə qarşı diktat yolunu seçməsi Azərbaycan tərəfindən qəbuledilməzdir" - ( 14316925)
-
ikisahil.azHəm Rusiya, həm də Azərbaycan üçün mühüm siyasi addım ( 14305441)
-
xalq.azAzərbaycan Prezidenti İlham Əliyevin səyi nəticəsində regional sabitlik təmin olunur ( 14251438)
-
ikisahil.azAzərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktordur ( 14239219)
-
aia.azAzərbaycan bütün dünya dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı təşviq edir ( 14205667)
-
ikisahil.azAzərbaycan bütün dünya dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı təşviq edir ( 14204971)
-
azadmedia.azBu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır » AzadMedia.az ( 14197243)
-
baki-xeber.com“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir”- Əhliman ƏMİRASLANOV yazır ( 14191123)
-
demokrat.azİlham Əliyev fərqi: Azərbaycan Prezidenti dünya liderləri üçün nümunə olacaq yanaşma ortaya qoyur — TƏHLİL ( 14179423)