Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda ilk dəfə olaraq dövlət sektorunda rəqəmsal infrastrukturun inkişafı üçün kredit ayırıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin iki yeni Data Mərkəzinin tikintisi üçün sərf olunacaq kreditin məbləği 43 milyon avro təşkil edib. Layihənin məqsədi dövlət şirkəti tərəfindən təqdim olunan “bulud” xidmətlərini daha da genişləndirmək və əlçatan etməkdir.
Dekabrın 20-də kredit sazişinin təsdiqlənməsi ilə bağlı “AzInTelecom” MMC-nin inzibati binasında imzalanma mərasimi keçirilib.
Layihə ilə bağlı AİB-nin vitse-prezidenti Teresa Çervinska Azərbaycanın dövlət sektoruna ilk kredit dəstəyini rəsmiləşdirməkdən məmnun olduqlarını bildirib: “Məlumat əlçatanlığının təkmilləşdirilməsi və davamlı rəqəmsal transformasiyanın təşviqi Avropa İnvestisiya Bankının əsas prioritetləri sırasındadır. İnnovasiya və şəffaflığa yönəlmiş bu sərmayə təkcə dövlət idarəçiliyinin müasirləşdirilməsinə deyil, həm də davamlı iqtisadi artıma və sosial tərəqqiyə töhfə verəcəkdir”.