AZ

Azərbaycan D-8-in 9-cu üzvü oldu- İƏT və D-8 bir-birini tamamlayır...

Image

Məhərrəm Zülfüqarlı: “Bu, ümumilikdə islam dünyasında həmrəyliyə öz töhfəsini verəcək”

Məlum olduğu kimi, 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. 

Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. 

Ümumilikdə, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının üzvü olması, indi də D-8-ə üzv qəbul olunması, prinsipcə, xarici siyasətdə bir-birini tamamlayan istiqamətlərdir. Yəni bir-birinin davamı və ardıcıllığıdır. O baxımdan, Azərbaycanın bu təşkilata üzvlüyü islam dünyasında həmrəyliyin inkişafına necə təsir edəcək?

“D-8-də olan ölkələrin Azərbaycanla əməkdaşlıqda iqtisadi maraqları artacaq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, Azərbaycanın D-8-ə qoşulmasının çox böyük əhəmiyyəti var: “Əvvəla, yaxın tariximizə baxsaq görərik ki, dövlət müstəqilliyimizi bərpa edəndən sonra ilk Azərbaycanı tanıyan ölkə qardaş Türkiyə olub. Ondan sonra isə Pakistan Azərbaycanın müstəqilliyini tanıdı. İndi D-8 təşkilatın həmin iki aparıcı üzvü Azərbaycana dəstək verir. Buna qədər Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü idi. Həmin təşkilatda demək olar bütün islam ölkələri cəmləşib. İƏT nisbətən siyasi qurum idi. Ancaq hər bir siyasi qurumun bazisi iqtisadiyyatdır. Yəni iqtisadiyyat əsasdır, onun üst qurumu isə siyasətdir. Yəni İƏT-ə üzv olmaq heç də islam dünyası ilə tam inteqrasiya olmaq deyildir. Ancaq D-8-ə qoşulmaq birbaşa iqtisadi cəhətdən güclü islam dövlətləri ilə əməkdaşlıqdır. Hesab edirəm ki, bu, Azərbaycanın güclənməsinə daha da təkan verəcək. Bundan başqa, D-8-də olan ölkələrin Azərbaycanla əməkdaşlıqda iqtisadi maraqları artacaq. Bu da beynəlxalq aləmdə bizi daha çox dəstəkləməklə özünü göstərəcək. Ona görə də bütün hallarda biz qardaş Türkiyəyə minnətdar olmalıyıq ki, Azərbaycana bu cür güclü qurumlara üzv olmağa dəstək verir. Çünki bu qurumun yaradıcısı da Türkiyədir, onun mərkəzi qərargahı da İstanbulda yerləşir. Bu qardaşlıq dəstəyi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına kömək edir. Yəni D-8-də təmsilçilik bundan sonra iki qardaş Azərbaycan və Türkiyəni daha da yaxınlaşdıracaq. Bundan həm Azərbaycan, həm də D-8-də təmsil olunan digər ölkələr qazanacaq. Həmçinin digər islam ölkələri də bundan bəhrələnəcək. Bu isə ümumilikdə islam dünyasında həmrəyliyə öz töhfəsini verəcək. Bəzi qurumlarda təmsil olunmaqdansa, D-8-də təmsil olunmaq daha məqsədəuyğundur”.

Vidadi ORDAHALLI





phrase_var_article.chosen
37
50
baki-xeber.com

10phrase_var_article.sources