"Hərbi Xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.
Turkustan.Az xəbər verir ki, budəfəki buraxılışda Türkiyənin alacağı "Eurofighter Typhoon" hərbi təyyarəsindən bəhs olunub.
Bildirilib ki, dekabrın 16-da Bolqarıstanın bulgarianmilitary.com saytı Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd "Eurofighter Typhoon" qırıcı-bombardmançı təyyarəsinin Qətərdə keçirilən təlimlərdə iştirak etdikdən sonra Türkiyəyə gətiriləcəyi ilə bağlı xəbər yayıb.
Bolqar nəşri təyyarələrin Türkiyənin öz Hərbi Hava Qüvvələrinin diversifikasiyası üçün davam edən səylərində ciddi mərhələ olduğunu vurğulayıb. Bəs sözügedən "Eurofighter Typhoon"un özəllikləri nədir və Türkiyə niyə seçimini məhz bu təyyarə üzərində saxlayıb? "Eurofighter Typhoon" təyyarəsi 2.3 max, yəni 2 495 kilometr/saat sürətə, 2 800 kilometr fasiləsiz uçuş məsafəsinə, 6 000 saatlıq uçuş-istifadə potensialına malikdir.
Maksimal yüksəklik göstəricisi 19 kilometr olan "Typhoon" cəmi 2 dəqiqə ərzində 11 000 metr hündürlüyə qalxa bilir. Quruluşunun və özəl boya örtüyünün verdiyi üstünlüklə təyyarə radarlarda zəif görünmə keyfiyyəti ilə seçilir. Qanadlarının delta şəklində olması ona qısa məsafələrdən havaya qalxmaq imkanı yaradır. "Eurofighter"in əsas üstünlüklərindən danışarkən onun müasir avionika və radar aşkarlama sistemlərini qeyd etməmək olmaz.
Təchiz olunduğu elektronika sistemləri və güclü mühərrikləri "Typhoon"un "F-15", "F-16", "F-22 Raptor", "F-35", "Su-35" kimi təyyarələrlə müqayisədə daha çevik və yüksək manevrqabiliyyətli olmasını təmin edir. Təyyarənin 3 ədəd 1 000 litrlik yanacaq çəni var və lazımi hallarda onlardan ikisi raketlər üçün sökülə bilir.
Qeyd edək ki, Türkiyənin müdafiə naziri Yaşar Güler Prezident Rəcəb Tayyib Ərdoğanın 2023-cü il noyabrın 17-də Berlinə səfərindən əvvəl, ölkəsinin 40 ədəd "Eurofighter Typhoon" təyyarəsi alacağını açıqlayıb. Bu, sifarişin ümumi dəyərinin 5 milyard avroya yaxın olacağı deməkdir.
Ətraflı Baku TV-nin süjetində: