AZ

“Bild” qəzeti: Maqdeburqda naməlum şəxsin avtomobili izdihamın üzərinə sürməsi nəticəsində 80-dək insan xəsarət alıb

Berlin, 21 dekabr, AZƏRTAC

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasında izdihamın üzərinə sürməsi nəticəsində 80-dək insan xəsarət alıb. Maqdeburq polisi hücum nəticəsində ən azı bir nəfərin öldüyünü bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti Maqdeburqdakı xilasetmə xidmətinə istinadla məlumat verib.

Hadisə yerli vaxtla saat 19:04-də baş verib. Naməlum şəxs yüksək sürətlə idarə etdiyi BMW markalı avtomobili Milad yarmarkasında izdihamın üzərinə sürüb. Avtomobili idarə edən şəxs saxlanılsa da, onun şəxsiyyəti hələ açıqlanmayıb.

Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzini tərk etməyə çağırıb.

Hazırda təhlükəsizlik qüvvələri hadisə yerində təhqiqat aparırlar. Xəsarət alanların xəstəxanaya yerləşdirilməsi üçün Maqdeburqdan 80 kilometr məsafədəki Halle şəhərində lazımi tədbirlər görülüb.

Xatırladaq ki, oxşar hadisə səkkiz il əvvəl Berlində baş vermişdi. 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

phrase_var_article.chosen
17
2
azertag.az

2phrase_var_article.sources