AZ

Milli təbabət elmi hesabat verir

Səhiyyə Nazirliyində Elmi-Tədqiqat institutları və mərkəzlərinin rəhbərlərinin iştirakı ilə 2024-cü ilin yekunlarına və növbəti ildə reallaşacaq tədbirlərə həsr olunan iclas keçirilib. 

Nazir Teymur Musayev səhiyyə sisteminin inkişafının ölkəmizdə prioritet məsələlərdən olduğunu vurğulayıb. O qeyd edib ki, cari ildə nazirlik ölkədə səhiyyə infrastrukturunun daha da möhkəmləndirilməsi, xidmət səviyyəsinin artırılması, maddi-texniki bazanın, kadr potensialının gücləndirilməsi və rəqəmsallaşdırma işlərinin genişləndirilməsi istiqamətində uğurlu addımlar atıb. 

T.Musayev elektron sənəd dövriyyəsinə keçid, səhiyyədə rəqəmsallaşdırma və innovativ texnologiyalarının daha geniş tətbiqi, işğaldan azad edilən ərazilərdə səhiyyə ocaqlarının inşası və digər istiqamətlərdə mühüm işlərin görüldüyünü bildirib. Səhiyyə sahəsinin rəqəmsallaşdırılması çərçivəsində önəmli yenilik – Elektron Resept Sisteminin bu il mayın 1-dən istifadəyə verildiyini vurğulayıb.

O, Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının yaradıldığını, 9 Elmi-Tədqiqat İnstitutunun nazirliyin tabeliyinə verildiyini də diqqətə çatdırıb.

İclasda qarşıda duran vəzifələr və fəaliyyət istiqamətlərindəki çatışmazlıqlar təhlil edilib, gələcək üçün sistemli yanaşmanın tətbiqinə imkan verən müasir idarəçilik strategiyası, əhali üçün daha əlçatan və mütərəqqi tibbi xidmətlər platformasının hazırlanmasının vacibliyi qeyd edilib. “Elektron Resept Sistemi”ndən daha geniş istifadənin reallaşdırılması və nazirliyin tabeliyindəki bütün qurumlarda bu sistemə keçidlə bağlı tapşırıqlar verildiyi vurğulanıb.

Nazirliyin tabeliyindəki elmi-tədqiqat institut və mərkəzlərinin rəhbərlərinin hesabatları dinlənilib. Çıxışçılar qeyd ediblər ki, 2024-cü ildə tibb ocaqları bir sıra yenilik və uğurlara imza atıb, habelə müəssisə daxilində əməliyyatxana və şöbələr əsaslı təmir olunub. Hesabat dövründə “Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qurumun tabeliyindəki müəssisələr işğaldan azad olunan ərazilərdə vətəndaşlar üçün sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici aksiyalar və müxtəlif istiqamətlərdə kompleks tibbi müayinələr keçirib. 

Diqqətə çatdırılıb ki, cari ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Pediatriya, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib. Hər iki tibb müəssisəsinə yüksəktezlikli süni tənəffüs cihazları, küvəzlər və digər müasir tibbi avadanlıqlar hədiyyə olunub. Leyla Əliyeva, həmçinin nazirliyin Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib. Tibb ocaqlarında müalicə alan uşaqların valideynləri ilə görüşüb, yaradılan şəraitlə tanış olub.

Bundan əlavə, oktyabrda Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra Anlaşma Memorandumları imzalanıb. I Türk Dövlətləri Kardioloji Qurultayı, ET Ağciyər Xəstəlikləri İnstitutunun 80 illik və Sümük İliyi Transplantasiyasının 10 illik yubileylərinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib. 

Sonda əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də diqqətə çatdırılıb. Nazirliyin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institut və mərkəzlərində müasir yanaşmalara əsaslanan korporativ idarəetmə mexanizmlərinin tətbiqinin vacibliyi qeyd edilib, qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 

Zərifə HÜSEYNOVA
XQ

 

phrase_var_article.chosen
2
4
xalqqazeti.az

7phrase_var_article.sources