1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən bildirir ki, 33 yaşlı Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.
Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.
İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.
Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.
Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.
Fotoda: Alışan Nizami Akif oğlu
İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.
Yaxın vaxtlarda bu iş üzrə məhkəmə başlayacaq.
Qeyd edək ki, Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
Xatırladaq ki, bu ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.