AZ

"TikTok"da tanış olub ailə qurduğu qadını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT

Zaqatala rayonunda 1991-ci il təvəllüdlü Altay şəxsi münasibətlər zəminində mübahisə zamanı keçmiş arvadı Mətanəti (adlar şərti göstərilib - red.) qətlə yetirib.

Avtosfer.az Teleqraf.com-a istinadən xəbər verir ki, Altay 2022-ci ildə "TikTok" sosial şəbəkəsində tanış olaraq rəsmi qaydada evləndiyi Zaqatala rayon sakini Mətanətlə birgə yaşadığı müddətdə onunla evlənməzdən əvvəl başqa şəxslərlə münasibətlərindən xəbər tutub və mütəmadi olaraq düşünüb ki, həyat yoldaşı ona ya xəyanət edib, ya da edəcək.

Aralarında mübahisələr yaranması səbəbi ilə 2023-cü ildə Altay boşanmaq üçün rəsmi qaydada ərizə ilə müraciət edib. 6 saylı "ASAN xidmət" mərkəzi tərəfindən nikahın pozulmasına dair şəhadətnamə verilməsindən bir müddət sonra onlar yenidən ər-arvad kimi birlikdə yaşamağa başlayıblar.

Lakin Altay təkrar həyat yoldaşının xəyanət etməsi gümanıyla mübahisələr yaradıb, Mətanət ondan ayrılaraq Zaqatala rayonuna qayıdıb. Altay onun ayrılmaqda məqsədinin başqa şəxslə münasibət qurması kimi qəbul edib, onu öldürmək qərarına gəlib, Bakıdan Zaqatalaya yollanıb və Mətanətin işə gəlməsini gözləyib.

Səhər saatlarında həyat yoldaşının gəldiyini görüb, onunla söhbət etmək istədiyini bildirib. Yenidən barışaraq birlikdə yaşamağı təklif etdikdə Mətanət başqa şəxslə münasibəti olduğunu deyib. Altay bıçağı çıxararaq ona xəsarətlər yetirib. Ağır xəsarətlər alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən Altayın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Altay ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilib.

O, ifadəsində göstərib ki, hadisənin baş verdiyi gün Mətanətin telefonuna onun səsini eşitmək və onunla danışmaq istədiyini yazsa da, mesaj ünvana çatmayıb:

"Bundan sonra Zaqatala rayonuna gəldim. Həmin vaxt üzərimdə bıçaq vardı. Düşünürdüm ki, bıçaqla Mətanəti qorxudub, maşın tutub birlikdə Bakı şəhərinə qayıdarıq.

Səhər saatlarında Mətanəti yolun kənarında gözlədim. Yaxınlaşıb yalvardım ki, mənimlə Bakı şəhərinə getsin. Səhvlərim olmasına baxmayaraq mən Mətanəti sevirdim. Bütün bunlara baxmayaraq, Mətanət Bakı şəhərinə gəlməyəcəyini, həyatında başqa şəxsin olduğunu bildirdi. Həyatında kimin olduğunu soruşdum. Cavabında dedi ki, onun kim olduğunu sən bilirsən. Ona dedim ki, həm səni, həm də özümü öldürəcəyəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, Mətanət onda bıçaq olduğunu biləndə yolun qarşısına keçib:

"Bu vaxt qabaqdan "VAZ-2106" markalı maşın gəldi və Mətanət kömək istəməyə başladı. Mən də ona yaxınlaşdım, əlindən tutdum, birlikdə Bakı şəhərinə getməyi təklif elədim. O isə israrla həyatında başqasının olduğunu söylədi. Bu vaxt özümdən çıxdım və Mətanətə bıçaq zərbələri vurdum.

Mətanətlə rəsmi qaydada boşanmışıq. Boşandıqdan sonra bir ara barışmışıq. Onu öldürmək niyyətim olmayıb. Mən onu qorxutmaq məqsədilə özümlə bıçaq götürmüşəm. Bıçağı ona göstərmişəm, o da qorxub yolun qarşı tərəfinə keçib. Mətanəti necə vurduğumu bilmədim. Çünki həmin vaxt əsəbiləşib özümdən çıxmışdım. Ona iki bıçaq zərbəsi vurduğumu xatırlayıram. Ola bilsin, Mətanətə 14 bıçaq zərbəsini mənə müqavimət göstərməyə çalışan vaxt vurmuşam. Bıçaqla vuran vaxt o mənə yalvarmayıb.

Mətanət nömrəmi bloka atmışdı. Mən də ona başqa nömrədən zəng edib məni blokdan çıxarmasını xahiş elədim. Hadisə günü zəngləşməmişdik. Mən onun gedib-gəldiyi yolu bilirdim. Mən barışmaq istəyirdim. Lakin o razı deyildi. Zaqatala şəhərinə hadisədən 3-4 gün əvvəl də gəlmişdim. Bir də hadisə günü gəldim. Hadisə olan ərazi xəstəxanaya yaxındır. Mən köməyə gələnlərə müdaxilə etməmişəm".

 

İş üzrə zərərçəkmiş Mətanətin hüquqi varisi qismində anası ifadə verib:

"Mətanət səhv etmirəmsə, 2009-2010-cu illərdə Vüqar adlı şəxslə ailə həyatı qurdu. Bu nikahdan bir qız övladı oldu. Boşandıqdan sonra kənddə bizimlə yaşamağa davam edib. Uşağına baxmaq üçün müxtəlif işlərdə çalışırdı. 2022-ci ilin sentyabr ayında Altayla tanış oldu və ailə qurmağa qərar verdilər. Onların hansı şəraitdə tanış olmaları barədə heç bir məlumatım yoxdur. Altayın ailəsi qızımla evlənməsinə razı deyildi.

İlk vaxtlarda qızımla həyat yoldaşının münasibətləri normal idi. Evləndiklərindən bir qədər sonra Altay işləməkdən imtina etdi, bütün günü evdə oturmağa başladı. Mətanət isə yaşadıqları ərazidə mağazalarda satıcı işləyərək ailəsinə maddi dəstək olmağa çalışdı. Mətanətin birinci ərinin aliment ödənişləri kart hesabına toplanırdı. Altayın təkidi ilə Mətanət həmin kartda olan pulları da ona verir, Altay da həmin pulu özü üçün xərcləyirdi.

Mətanət mənimlə danışan vaxtlarda bir neçə dəfə Altayın onu döydüyünü dedi. Mətanət ayrılıb kəndə qayıtmaq istəsə də, Altay müxtəlif yollarla mane olurdu. Səhhətimdə problemlər olduğu üçün mənə çox söz demədiyindən Mətanətlə Altayın arasında baş verənlər barədə tam məlumatım yoxdur".

Hüquqi varis qeyd edib ki, məlum hadisə günü Mətanət səhər saatlarında işə gedib, bir qədər sonra isə səhhətində problem yarandığı üçün xəstəxanaya aparıldığı barədə ona məlumat verilib:

"Mətanətin telefonuna zəng etsəm də cavab vermədiyi üçün narahat oldum. Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gəldim. Xəstəxanada Altayın Mətanəti bıçaqlayaraq öldürdüyü məlum oldu.

Mətanətdən ayrıldığı vaxtlarda Altay özünü öldürəcəyini deyirdi. Son zamanlarda isə ayrılacağı halda Mətanəti və bizi öldürəcəyi ilə hədələyirdi. Bildiyim qədəri ilə Mətanətlə Altay arasında bir neçə dəfə mübahisə olub, Altay Mətanəti vurub. Lakin nə qızım, nə də biz hüquq-mühafizə orqanına müraciət etməmişik".

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Altay 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

phrase_var_article.chosen
3
8
avtosfer.az

9phrase_var_article.sources