Sürücü Tural Məmmədzadə bir neçə ay əvvəl aldığı “XPeng G9” avtomobilindən şikayətçidir. Avtosfer.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb. Bildirib ki, avtomobili sürətlənməsini çox bəyəndiyi üçün alıb. “0-100 km-i 3.9 saniyəyə yığır və davamlı olaraq da həmişə statuslarımda bu maşının necə gözəl olduğunu tam təmənnasız olaraq paylaşırdım. Lakin hazırda ciddi problemlər yaşayram.”
Müştəri idda edir ki, avtomobili alanda ona Apple carplay Android auto və e-sim tətbiqlərinin tezliklə aktiv olacağı və maşının bütün ehtiyyat hissələrinin anbarda olduğu bildirilib. Həmçinin hər hansı problem olarsa donor avtomobildən ehtiyyat hissəsinin çıxarılıb maşına taxılacağı deyilib.
Sürücü bildirir ki, avtomobili 7200 kilometr idarə edib və bir sıra problemlərlə qarşılaşıb. “Söz verilən kimi, Carplay və e-sim artıq hələ aktiv deyil. Avtomobilim bir ay əvvəl “Performance limited” erroru verməyə başladı. Performansında, sürətində çətinliklər yaşadım. Servisdə 10 gün ərzində qüsurun nədən qaynaqlandığını axtarıb tapmağa çalışdılar. Bu müddət ərzində ikinci maşınımı sürməli oldum və hər gün 98 markalı benzin istifadə etdim. On günün sonunda maşının iverterində zavod problemi olduğunu və zəmanətdən qarşılanacağını dedilər. Lakin bildirdilər ki, bu ehtiyyat hissəsi yoxdur və Çindən sifarişlə gələcək. Artıq 30 günə yaxın vaxt keçir”.
Sürücü deyir ki, bu vaxt ərzində nə ona ehtiyyat hissəsinin gələcəyinin dəqiq vaxtı deyilməyib, nə donor maşından istifadə edilməyib. “Hazırda maşının performansında sürətlənməsində çox pis düşüş var və demək olar ki, bir aydan çoxdur diskomfort yaşayıram. “Xpeng” rəhbərliyi ilə danışdıq, hələ ki, heç bir yenilik yoxdur”.
“Xpeng” şirkəti sürücünün iddalarına cavab verib. Bildirilib ki, məsələ ilə bağlı müzakirələr aparılıb. “Sürücü və digər əməkdaşlarla dəfələrlə saatlarla ətraflı müzakirə olunmasına baxmayaraq, eyni məsələləri bu formada yenidən təqdim edilməsi bizi təəccübləndirir. Buna baxmayaraq, bir daha yazılı şəkildə məsələyə aydınlıq gətirmək istəyirik. “Xpeng” şirkəti artıq bir ildir ki, Azərbaycanda fəaliyyət göstərir və heç bir müştəri ehtiyat hissəsinə görə iki gündən artıq gözləməyib. Bu, vəd etdiyimiz kimi ehtiyat hissələrinin tam şəkildə stoklaşdırılması ilə təmin olunub. Avtomobilinizdə yaranan problemin “Xpeng” təcrübəsində rast gəlinməməsi səbəbindən sözügedən ehtiyat hissəsi əvvəlcədən alınmasa da, daha prioritetdə və tez-tez tələb olunan sifarişlər olunub”.
Şirkətin açıqlamasında bildirilib ki, avtomobil bazarında zəmanət daxilində dəyişdirilən ehtiyat hissələri donor avtomobillərdən istifadə edilə bilməz. “Bu məsələdə subyektiv fikirdən çox rəsmi məlumatlara əsaslanmağınız daha doğru olar. O ki, qaldı avtomobilə aid ehtiyat hissələrinin çatdırılmasına qeyd edək ki, ehtiyat hissələrinin təhlükəsiz yük olaraq qeydiyyatdan keçirilməsi müəyyən vaxt tələb edir. Müştəriyə də bildirdiyimiz kimi hava yolları ilə bu ehtiyat hissələrinin gətirilməsi təmin ediləcək. Hazırda qablaşdırma prosesi davam edir. Dəqiq tarix yalnız qablaşdırma başa çatdıqdan sonra təyin edilə bilər”.
Şirkət müştərinin qaldırdığı e-sim məsələsinə də toxunub. Bildirilib ki, bu istiqamətdə yerli operatorlarla işləməyə çalışsalar da, ölkəmizdə mövcud bəzi məhdudiyyətlər səbəbindən global bazardan həlli gözlənilir. “23 dekabr tarixində ölkəmiz üçün yenilənmə təmin ediləcək. Bu yenilənmə ilə növbəti 2-3 ay ərzində rouminq interneti vasitəsilə e-sim funksiyası aktiv olacaq. Rouminq xərcləri şirkət tərəfindən qarşılanır. İstehsalçının həmin vaxta qədər layihəni tamamlayaraq yerli operatorlarla əməkdaşlıq yaratması gözlənilir. Problem “Xpeng” şirkətindən və ya distribütordan qaynaqlanmır”.
Şirkət CarPlay və Android Auto məsələsinə də münasibət bildirib. Qeyd olunub ki, bu sistemlərin inteqrasiyası üzərində işlər davam edir. “Lakin rəsmi olaraq qeyd olunan tətbiqlər avtomobilə yüklənib. Müştərilərdən gələn sorğuların böyük əksəriyyəti məhz bu tətbiqlərin əlçatan olması ilə bağlı idi. Nəticədə CarPlay və Android Auto sistemlərinin olmaması qismən də olsa həll olunub”.
Bloger Fərid Pərdəşünas məsələ ilə bağlı bildirib ki, çin avtomobil brendlərinin satış menecerləri ilə servis əməkdaşları təmamilə fərqli fikirlər söyləyir. “Xpeng pis maşın deyil. Ümumiyyətlə çin avtomobili almaq bet etmək kimi bir şeydir”.
Bloger deyib ki, çin avtomobil brendlərinin xroniki problemləri zaman-zaman yaşanır. “Bu səbəbdən elektrikli olaraq sınaqdan keçmiş Tesla-ya keçdim. Ümid edirəm müştərinin məsələsi tez bir zamanda həll olar. Qeyd olunan şirkət məsuliyyətlidir və düşünürəm problmin həllində kömək olacaq”.