Prezident İlham Əliyev “Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi” və “Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib.
Müəyyən edilib ki, ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər üzrə 189.751.707,0 manat həcmində qalıq aktivlər Sahibkarlığın İnkişaf Fondunun nizamnamə fondundan silinsin və tələb hüququ həmin müvəkkil kredit təşkilatlarının aktivlərinə transfer edilsin.
Nazirlər Kabineti təsdiq edilən Qaydanın 1.3.1-ci yarımbəndinə uyğun olaraq, sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydasını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Fondun strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin.