AZ

Prezident fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

E-huquq.az xəbər verir ki, fərmana əsasən, Fondun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiq edilib.

Ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fondunun sahibkarlıq subyektlərinə verdiyi güzəştli kreditlər üzrə 189 751 707 manat məbləğində qalıq aktivlər Fondun nizamnamə fondundan silinib və tələb hüququ həmin müvəkkil kredit təşkilatlarının aktivlərinə transfer edilib.

Nazirlər Kabineti sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi, eləcə də investisiya qoyuluşunun həyata keçirilməsi qaydasını 4 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, iqtisadiyyatın tələblərini nəzərə almaqla, digər maliyyələşmə mexanizmlərinin tətbiqi imkanlarını öyrənməli və nəticəsindən asılı olaraq təkliflərini Prezidentə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi Fondun strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fondun nizamnamə fondunun məbləği 1 180 929 648 manatdır.

Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Fond əmlakından yalnız Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” ölkə Prezidentinin 6 iyun 2007-ci il tarixli fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun, onun idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək, fəaliyyət istiqamətləri üzrə yerləşdirilmiş vəsaitlərdən əlavə Fondun hesablarında qalan sərbəst vəsaitləri depozit, digər maliyyə aktivlərinə və qiymətli kağızlar alınmasına yönəltmək hüququna malikdir.

Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyil.
Seçilən
18
2
e-huquq.az

10Mənbələr