AZ

İlin qara statistikası: 11 aya 344 ölü... - itkiləri necə azaldaq...

Ərşad Hüseynov: “Qəzaların baş verməsində sürücü məsuliyyətsizliyi ilə yanaşı, piyadaların, velosiped sürənlərin, infrastrukturun quruluşunun, işıqlandırmanın da rolu var”

Cari ilin 11 ayı ərzində qeydə alınan göstəricilərə əsasən, yolda müəyyən edilmiş sürət həddinin aşılması yenə də sürücülər tərəfindən ən çox yol verilən qayda pozuntusudur. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda deyilir. Bildirilir ki, həmin dövrdə 505 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 344 nəfər həyatını itirib, 335 nəfər isə yaralanıb. 

Azərbaycan kimi kiçik bir ölkə üçün 11 ayın içərisində 344 nəfərin yol qəzasında həlak olması, əlbəttə, ağır itkidir. Araşdırmalar zamanı ölüm hallarının artmasına səbəb kimi yüksək sürətlə yanaşı, bəzi avtomobillərin təhlükəsizliyin standartlara cavab vermədiyi məlum olub. İnsan tələfatı ilə nəticələnən yol qəzaları daha çox köhnə nəqliyyat vasitələrinin iştirakı ilə olur. Avropa standartlarına cavab verən təzə maşınların konstruktiv göstəriciləri hadisə zamanı sürücüyə kömək göstərir. 

Ümumilikdə yol qəzaları 3 yerə ayrılır. İlkin faza, kulminasiya və son faza qəzaları. Məsələn, ilkin fazada qəza olubsa, sürücü çalışır ki, həmin hadisədən çıxsın. Yeni avtomobillərin konstruktiv elementlərinə aktiv təhlükəsizlik elementləri deyilir. Hadisəyə qədər sürücüyə kömək edən tormoz sistemi, görmə qabiliyyəti, təcillənmə təyinatı və s. həmin elementlərə daxildir. Ancaq köhnə maşınlarda bunlar yoxdur. Bu səbəbdən sürücü qəza zamanı hadisədən çıxa bilmir. 20-30 ilin avtomobilləri, həmçinin Rusiya istehsalı olan avtomobillərə qəza zamanı çox zərər dəyir. Sürücülər də həmin maşınları konstruktiv quruluşuna görə qəzadan qurtara bilmir. 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, qəzaların baş verməsində sürücü məsuliyyətsizliyi ilə yanaşı, piyadaların, velosiped sürənlərin, infrastrukturun quruluşunun, işıqlandırmanın və digər elementlərin rolu var: “İnformasiyalarda qeyd olunur ki, sürücü sürət həddini aşdığı üçün qəza baş verib. Bəs sürücü niyə bu rejimi pozur? Araşdırsaq, məlum olacaq sürücü ilk növbədə qeyri-peşəkardır. Yol hərəkəti qaydaları haqqında yetərincə məlumatı yoxdur, məktəb oxumayıb, təlim görməyib. Sürücüləri hazırlanması çox vacibdir.   

Bu öz yerində, lakin qəzalara axı tək səbəb sürücü deyil. Burada küçələrin işıqlandırılmasından tutmuş, nişanın, işıqforun, yoldakı xəttin qaydasında olmasının böyük əhəmiyyəti var. Nəqliyyat parkının texniki vəziyyətinə nəzarət də diqqətdən yayınmamalıdır. Bu parkın böyük rolu var. Statistika göstərir ki, Azərbaycanda istifadə olunan avtomobillərin 85 faizinin yaşı 10 ildən çoxdur. Bu isə təhlükəsizlik standartlarına cavab vermir. 

Daha sonra ölkəmizdə ictimai nəqliyyat sərnişinlərin tələblərinə cavab vermir. Bu məsələdə xeyli çatışmazlıqlar var.  

Azərbaycanda cəmi iki istiqamətdə: Bakı-Qəbələ və Bakı-Qazax  istiqamətində qatar işləyir. Bakı-Sumqayıt isə şəhərətrafı daşımadır. Halbuki Bakı-Astara, Bakı-Xaçmaz istiqamətində də olsaydı, avtomobillərdən az istifadə olunardı. İctimai nəqliyyat zəif olduğuna görə insanlar avtomobildən istifadə etməyə məcburdular. Bu zaman isə köhnə avtomobillər alınır ki, bu da öz növbəsində qəzalardan yayınmağa imkan vermir".  

Ekspert bildirir ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı dövlət proqramları və hazır standartlar var. Hətta BMT-nin bununla bağlı direktivlərindən də istifadə etmək olar. 

“2018-ci ildə yol hərəkəti təhlüksizliyi ilə bağlı Azərbaycanda dövlət proqramı hazırlanmışdı. Orada vəziyyətdən çıxış yolları göstərilmişdi. Lakin 5 illik plan kağız üzərində qaldı, icra olunmadı. Ona görə də belə davam edir.   

Əsas hədəf insanların yollarda təhlükəsiz davranışıdır. Bunun üçün sürücü hazırlığından tutmuş, cəmiyyətdə həyat təhlükəsizliyi ilə bağlı ciddi maarifləndirmə, infrastrukturdakı problemlər, yollardakı işıqlandırma, təzə avtomobillərdən istifadənin qaçılmazlığı, ictimai nəqliyyatın şəhərdaxili və rayonlararası inkişafı olmalıdır. Belə olan halda vəziyyət yaxşılaşa bilər. 

İnsanlara elə gəlir ki, ən çox qəzalar rayonlar və şəhərlərarası baş verir. Əslində isə 97 faiz qəzalar şəhər və rayon daxilində olur. Çünki ictimai nəqliyyat zəifdir və fərdi avtomobillərdən çox istifadə edilir. Ən əsası infrastruktur zəifdir və piyadalar çoxdur. Gecə vaxtı keçidlər görünmür". 

Şahanə RƏHİMLİ,
Musavat.com

Seçilən
24
1
musavat.com

2Mənbələr