AZ

Meyson Maunt yenə sıradan çıxdı - 3 ay oynamayacaq

İngiltərənin “Mançester Yunayted” klubunun hücumameyilli yarımmüdafiəçisi Meyson Maunt yenidən sıradan çıxıb.

Arena.az xəbər verir ki, Premyer Liqanın 16-cı turu çərçivəsində keçirilmiş “Mançester Siti” ilə matçın (2:1) 14-cü dəqiqəsində zədələnmiş futbolçunun durumu ciddidir.

Müayinələrdən sonra Mauntun təxminən 3 ay müddətinə yaşıl meydanlardan kənar qalacağı bəlli olub. İngilis futbolçu 2025-ci ilin ilk aylarında meydana çıxa bilməyəcək. Onun dəqiq nə vaxt sıraya dönəcəyi hələ bilinmir.

Xatırladaq ki, 25 yaşlı ingilis yarımmüdafiəçi bu il avqustun sonunda da diz bağından zədə almış və uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. Təzəcə sıraya dönmüş futbolçunun yenidən zədə alması onsuz da uğursuz dövrdən keçən klubda məyusluq yaradıb.

Meyson Maunt “Çelsi”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Mançester Yunayted”ə 2023-cü ilin iyul ayında 64,2 milyon avro müqabilində elə, “zadəganlar”ın düşərgəsindən keçib. Mauntun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Maunt “Mançester Yunayted”in heyətində 12 oyuna çıxıb, fərqlənə bilməyib. O, “qırmızı şeytanlar”la bütövlükdə 32 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Meyson karyerası ərzində “Çelsi”, “Derbi Kaunti”, “Vitess” kimi klublarda da forma geyinib.

Maunt 2019-cu ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 36 oyuna çıxıb. O, bu oyunlarda 5 qol vurub, eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı Meyson Mauntu 32 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
10
arena.az

1Mənbələr