İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanacaq məhsullarının istehsalı, idxalı, topdan və pərakəndə satışı ilə məşğul olan sahibkarlarla hüquqlarının qorunması və standartlara uyğun məhsulun təmin edilməsi mövzusunda müzakirələr aparıb. SİA quruma istinadən xəbər verir ki, görüşlərdə Dövlət Xidmətinin nümayəndələri satılan yanacaq məhsullarının keyfiyyətini təsdiqləyən sənədlərlə müşayiət olunmasının zəruriliyini vurğulayıblar.
Həmçinin, yanacağın daşınması və saxlanması zamanı standart və normativ tələblərinə əməl edilməsinin vacibliyi izah edilib.
Topdan alıcılara məhsulun keyfiyyətini təsdiqləyən müvafiq sənədlərin təqdim olunması barədə qanunvericiliyin tələbləri sahibkarlara çatdırılıb.
Yanacaq məhsullarının pərakəndə satışını həyata keçirən sahibkarlarla keçirilən görüşlərdə isə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacaqlarının keyfiyyəti, ölçmə vasitələrinin düzgün ölçməməsi və istehlakçılardan daxil olan şikayətlər ətrafında müzakirələr aparılıb. İstehlakçıların aldıqları yanacağın keyfiyyətini və həcmini təsdiqləyən sənədlərlə tanış olmaq hüququna malik olduğu diqqətə çatdırılıb.
Bundan əlavə, sahibkarlara məntəqələrdə tipi təsdiq edilmiş, yoxlamadan keçirilmiş və metroloji norma və qaydalara uyğun ölçmə vasitələrindən istifadə etməyin vacibliyi xatırladılıb.
Görüşlər zamanı istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin edilməsi və qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı tövsiyələr verilib, sahibkarların sualları cavablandırılıb.