AZ

Çinli müəllim: Azərbaycanlı tələbələrin maraqları daha çoxşaxəlidir

“Əvvəllər Azərbaycanda təhsil almışam və bu ölkəni çox sevirəm, bura mənim ikinci vətənimdir. Ona görə də Azərbaycanda işləmək imkanım yaranan kimi ondan istifadə etmək qərarını verdim”.

Bunu TƏHSİL.BİZ -ə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunda çalışan çinli müəllim Zhao Qingrui deyib. 

Azərbaycan və Çin təhsili ilə bağlı bəzi məqamlardan danışan çinli müəllim deyir ki, onun ölkəsində universitetlərə tələbə qəbulu bir neçə mərhələ üzrə həyata keçirilir. Əvvəlcə məzun olmaq üzrə olan şagirdlər dövlət dili, riyaziyyat və xarici dil fənlərindən milli vahid imtahan verirlər: “İkinci mərhələdə tələbələr nəticələri öyrəndikdən sonra ali məktəblərə qəbul üçün ərizə doldururlar. Üçüncü mərhələdə Çin universitetləri namizədlərin arasından ən yaxşı tələbələrini seçir və onlara qəbul olmaları barədə bildiriş göndərir və daha sonra tələbələr ali məktəblərə qəbul olunurlar”.

 

İki ölkənin təhsil sistemləri arasındakı bəzi fərqlərə toxunan Zhao Qingrui qeyd edib ki, Çində 6 illik orta təhsil pilləsinin ilk üç ili aralıq məktəblərdə, növbəti üç ili isə orta məktəblərdə həyata keçirilir: “İkincisi, Çində məktəblər daha böyükdür. Məsələn, mənim təhsil aldığım Lanzhou Universitetində təkcə bakalavriat səviyyəsi üzrə 10 000-dən çox tələbə oxuyur. Orada tələbələrin yaşaması üçün yataqxanalar çoxdur, buna görə də tələbələr qalmaq üçün evə getmək məcburiyyətində deyillər. Azərbaycanın məktəbləri isə daha kiçikdir və yalnız çox az sayda tələbəni yaşamaq üçün yerlə təmin edir. Üçüncüsü, çinli tələbələr qiymətlərlə daha çox maraqlanırlar, azərbaycanlı tələbələrin maraqları isə çoxşaxəlidir”.

Zhao Qingrui Azərbaycanda Çin dilini sərbəst şəkildə öyrənmək istəyənlərə də tövsiyələrini verib.

Onun sözlərinə görə, Çin dilinin əsasını təşkil edən simvolları öyrənmək vacibdir. Pinyin (çin yazısının latın transkripsiyası sistemi) vasitəsilə tələffüzü düzgün mənimsəyə və əsas lüğəti öyrənmək olar. Sadə ünsiyyət üçün ümumi sözlər və ifadələr öyrənmək faydalıdır. Bu, ünsiyyət qabiliyyətini inkişaf etdirmək üçün yaxşı bir başlanğıc sayılır: “Çin qrammatikasının əsas qaydalarını mənimsəmək cümlələri düzgün qurmağa və dilin strukturunu başa düşməyə kömək edəcək. Bunun üçün qrammatika kitablarından və ya kurslardan istifadə edə bilərsiniz. Çin dilində audiomaterialları dinləmək və danışıq məşqləri etmək dinləmə və danışıq bacarıqlarınızı inkişaf etdirəcək. Dil mübadiləsi tədbirlərində iştirak etmək, videodərsləri izləmək və ya proqramlardan istifadə etmək effektiv üsullardandır. Unutmayın ki, Çin dili Çin-Tibet dil ailəsinə aiddir və dünya əhalisinin təxminən beşdə biri üçün ana dildir. Çində rəsmi dövlət dili olan Mandarin (Putonxua) bu dilin ən geniş yayılmış variantıdır”.

Seçilən
15
tehsil.biz

1Mənbələr