AZ

Britaniya Əsədin həyat yoldaşını olkəsində görmək istəmir

Britaniya rəsmiləri Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşına qarşı tətbiq edilən sanksiyaların onun doğulduğu Britaniyaya qayıtmasının qarşısını alacağını bildirib.

Əsma Əsədin ərindən boşanaraq ailəsinin sürgündə olduğu Rusiyanı tərk etməyi planlaşdırdığı haqda xəbərlər fonunda Britaniya hökuməti Əsədlərə qarşı qüvvədə olan sərt sanksiyaları, o cümlədən səyahət qadağası və aktivlərinin dondurulmasını xatırladıb.

"Mən təsdiq edirəm ki, o, sanksiyaya məruz qalan şəxsdir və burada xoş qarşılanmır", - Xarici İşlər Naziri Devid Lemmi parlamentə bildirib.

Bazar günü “Habertürk” və ərəb mediası Londonda suriyalı ailədə doğulan və ikili vətəndaşlığı olan Əsma Əsədin Rusiyada boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirib. Lakin bazar ertəsi Kreml bu məlumatı təkzib edib. Mətbuat katibi Dmitri Peskov da Əsədin Moskvada hərəkətinin məhdudlaşdırıldığı və aktivlərinin dondurulduğu barədə xəbərləri rədd edib.

Əsəd cütlüyü və üç övladı Suriya rejiminin üsyançılar tərəfindən devrilməsindən sonra Rusiyadan sığınacaq alıblar. Əsma Əsəd Rusiyada leykemiya xəstəliyindən müalicə alır və medianın məlumatına görə, o, böyüdüyü və “King's College”-də təhsil aldığı Londonda müalicəsini davam etdirməyi düşünürdü.

Almaz Həsənli

Seçilən
14
50
oxumeni.az

10Mənbələr