Əgər bunlar həll edilsə, sülh sazişinin imzalanması heç bir maneə olmuyacaq
Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici mətbuata hər müsahibəsi mühüm məqamlarla yanaşı, regional və beynəlxalq çağırışları da özündə əks etdirir. Dövlət başçısının dekabrın 17-də “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsi də bu qəbildəndir.
"Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir".
"Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.
Prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq. Davam edən silahlanma yarışına gəldikdə, bu, əlbəttə, sülh sazişinin bir hissəsi ola bilməz, amma Ermənistanla qarşılıqlı fəaliyyətin sanki başqa formatının bir hissəsi olacaq. Biz gələcəkdə də, ilk növbədə, bu cür hərəkətlərin onlar üçün fəlakətli olacağını erməni tərəfinə çatdırmağa çalışacağıq", deyə Azərbaycan lideri ətraflı məlumat verib.
O,qeyd edib ki, sülh sazişi və Ermənistanın eyni vaxtda Azərbaycana qarşı silahlandırılması iki fərqli kursdur:
"Biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam”.
Dövlət başçısı vurğulayıb ki, şərtlərdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır.
“Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir”, - Prezident deyib.
Onun sözlərinə görə, digər maddə başqa ölkələrin nümayəndələrini Azərbaycanla sərhəddə yerləşdirməməklə bağlıdır.
“Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...”
Ölkə Prezidentinin müsahibə zamanı ən maraq doğuran açıqlamalarından biri də Ermənistan iqtidarının tez-tez mövqe dəyişikliyi siyasəti yürütməsi ilə bağlıdır. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərində geridönüşün olmadığını açıqlayan İrəvan Fransa ilə münasibətləri fəallaşdırır. Prezident də bunu regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün birbaşa təhlükə adlandırıb.
Ümumiyyətlə, Prezident Əliyevin müsahibədə verdiyi cavablar regionun gələcək inkişafı ilə bağlı müsbət tendensiyalara köklənib. Eyni zamanda, bütün sağlam düşüncəli insanlara öz kimliyini və suverenliyini dayanmadan qorumağa çağırış əks olunub.
Ümid etmək olar ki, ilk növbədə, Ermənistan bu mesaj və çağırışlara qulaq asacaq, müəyyən nəticələrə gələcək. Bu, onun üçün həyati məsələdir.
Ayşən Soltanlı
YAP Laçın rayon təşkilatının 33 saylı ƏPT-nin sədr müavini
Laçın rayon 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini