AZ

Qarabağın bərpasında həmrəyliyin rolu müzakirə edilib

Bakı, 25 dekabr, AZƏRTAC

Dekabrın 25-də Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Qarabağın bərpasında həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tədbir iştirakçılarına Fondun fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlı geniş məlumat verib.

Fondun işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələrin icrasında donorların dəstəyinin əhəmiyyətini xüsusi vurğulayan R.Hacıyev Fondla yaxından əməkdaşlıq edən bütün donorlara, eləcə də Fondun fəaliyyətini işıqlandıran media qurumlarının rəhbərlərinə təşəkkürünü bildirib.

Milli Məclisin deputatları çıxışılarında Qarabağla bağlı layihələrdə gənclərin daha aktiv iştirak etmələrinin vacibliyini diqqətə çatdırıblar. Fondun fəaliyyətinin daha geniş işıqlandırılmasında və beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın çox böyük rol oynadığını qeyd edilib. Eyni zamanda, gənclər tərəfindən irəli sürülən layihələr üçün Fond tərəfindən maliyyənin ayrılmasının onların Qarabağla bağlı fəaliyyətinə ciddi dəstək olacağı bildirilib. Fondun fəaliyyətində şəffaflığın təmin edilməsinin digər qurumlar üçün nümunə olduğu vurğulanıb, həmçinin Fondun maliyyə dəstəyi ilə Qarabağ Universitetində təhsil alan tələbələrin bir hissəsi üçün təqaüd proqramının reallaşdırılması təklif edilib. Buna cavab olaraq Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev artıq bu istiqamətdə müəyyən addımların atıldığını diqqətə çatdırıb.

“Azərlotereya” ASC-nin Marketinq üzrə baş rəhbəri Dilarə Bəylərova tədbir iştirakçılarına Fondla birgə həyata keçirdikləri “Hər şey Qarabağ üçün” layihəsi ilə bağlı məlumat verib və sözügedən layihənin ölkəmizdə ianəçilik mədəniyyətinin təşviq olunmasına böyük töhfə verdiyini diqqətə çatdırıb.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid diaspor nümayəndələrinin Fonda dəstəyinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Fondla diaspor arasında əlaqələrin inkişafı Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından da böyük əhəmiyyət kəsb edə bilər.

Çıxışlardan sonra “İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələri ilə yanaşı, influenserlərin rolu və gələcək əməkdaşlıq perspektivləri” mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb, birgə atılacaq addımlar müzakirə edilib.

Seçilən
3
2
azertag.az

4Mənbələr